"Aprel döyüşlərində" Polad Həşimovla bir yerdə döyüşən zabitin xatirələri

"Aprel döyüşlərində" Polad Həşimovla bir yerdə döyüşən zabitin xatirələri
23 İyul 2020
Mətni dəyiş

Səhər yuxudan oyananda anam “qorxma, amma deyəsən pis xəbər var” dedi. Nə baş verdiyini soruşdum. Cavabında atamın bayaq kimləsə danışdığını dedi. “Dedilər Polad Həşimovu vurublar, rəhmətə gedib”. Dedim “əşşi, elə şey ola bilməz”. Sonra bir neçə nəfərdən də eyni mesajlar gəldi. İnanmadım, inanmaq istəmədim. Başqa cür də ola bilməzdi. O cür insanın, o cür zabitin ölümünü qəbul edə bilməzdim. Sonra... Sonra rəsmi məlumat gəldi. Kərəm Vəliyev xəbəri təsdiqlədi. Eyvana çıxıb siqaret yandırdım, cənab generalla aramızda olan bütün dialoqlar gözümün önünə gəldi. Bu qəhrəman insanı tanıdığıma görə özümü xoşbəxt saya bilərəm.

Ünsiyyətimiz olmuşdu, çiyin-çiyinə günlərlə səngərdə döyüşmüşdük. Anam deyir, neçə gündür fikirləşirəm ki, bəlkə sən də orda olsaydın, belə olmazdı, sağ qalardı. Bəlkə də... Bəlkə də elə olardı. Çox istəyərdim ki, bu, belə olsun...

Mən ilk dəfə 2016-cı il aprelin 1-i görmüşdüm Polad paşanı (general olmasa da həmin vaxtlarda da ”paşa” deyirdik).

Bölmələrimiz düşmən üzərinə hücuma keçirdi. Bütün tapşırıqlar veriləndən sonra Polad paşa hücuma keçən tank bölmələri ilə birlikdə irəlidə gedən tankın üzərində Talış yüksəkliklərinə doğru irəlilədi. Talış yüksəkliklərinə çıxan ilk Polad paşa olmuşdu. Mənim bölməm yüksəkliyə çıxanda artıq bir neçə saat keçmişdi. Yüksəkliyə çıxan kimi məruzə üçün tabor komandirinin yanına getdim. Tabor komandirimiz müavini ilə tankın yanında dayanıb söhbət edirdilər. Komandir yanlarında duran cavan zabiti tanımadı. Onun yuxarı komandanlıqdan gəldiyini hiss etsəm də mən də tanımadım. Tabor komandirindən bir siqaret istədim. O isə qurtardığını dedi. Bu an tanımadığım həmin zabit cibindən nazik “Winston” qutusunu çıxarıb mənə uzatdı. İki dənə götürüb, birini də sonra çəkəcəyimi dedim. Bu an tabor komandirinin mənə göz-qaş etdiyini gördüm. Əvvəl başa düşmədim, sonra qoluma girib kənara çəkdi və həmin zabitin Polad paşa olduğunu dedi. Tutuldum... Çaşdım qaldım. Yaxınlaşıb üzrxahlıq etdim. “Narahat olma, əzizim” dedi. Telefonu ilə zəng edib olduğu mövqeyə 10 blok siqaret gətirilməsini istədi. Bir saat sonra siqaretlər artıq gəlmişdi. Məni çağırıb şəxsi heyətə paylamağımı tapşırdı.

Hərbi sirr olduğu üçün əməliyyat barədə danışıqlarını deməyəcəm. Amma əgər Azərbaycan ordusunda taktiki baxımdan 3 savadlı zabit varsa, Polad Həşimov hər zaman o üçlükdə olub.

Gecəni bizimlə səngərdə qaldı. Yatmadı, səhərə qədər ələ keçirdiyimiz düşmən səngərini gəzib şəxsi heyətlə maraqlandı, tapşırıqlarını verdi, o zəhmli və bir o qədər də mehriban səsi ilə ruhlandırdı...

Səhər yenə döyüşlər qızışdı. Bir an belə çəkinmədi, döyüşün ən qızğın davam etdiyi mövqelərə getdi. Səngərdən çıxmadı.

Aprelin 2-si axşam güclü yağış yağdı. Polad paşa hücuma keçdiyimiz gün qalın forma ilə gəlməmişdi. Ona görə üst-başı çox tez islandı. Nə qədər təkid etsək də paltarını dəyişdirə bilmədik. “Paltar ən yaxşı geyincək halda quruyur” dedi.

Gecə artıq hiss etdik ki, həm yorğunluq, həm yuxusuzluq, həm də yağışda qalmaq ona təsir edib. Titrəyirdi. Tankın içərisində oturub bir az özünə gəlməsinə təkid etdik. Razılaşmadı. Mən, tabor komandiri və onun digər müavini yanında idik. Aşağı oturdu, belini tanka söykədi, “siz də yanımda oturun. Çiyin-çiyinə oturaq, qızışaq” dedi. O gecəni belə keçirdik.

Aprelin 3-ü yenə hər gün olduğu kimi yuxarı komandanlıqla daimi əlaqədə ola-ola, tapşırıqlarını verir, mövqeləri yoxlayır, şəxsi heyətlə danışır, çatışmazlıqları məruzə edib dərhal aradan qaldırılmasını tələb edirdi. Günorta bir az sakitlik yaranmışdı. Məndən quru ərzaq payının içərisindən bir qarabaşaq konservası gətirməmi istədi. Gedib gətirdim. Dedim “Komandir, qızdırım, sonra yeyin”. Razı olmadı. “Lazım deyil, qreçka elə belə də dadlı olur” dedi. Birlikdə yedik. Sosial şəbəkələrdə yayılmış şəkli var, səngərin içərisində. O şəkil həmin vaxt çəkilib. Öz icazəsi ilə biz çəkmişdik. Bir neçə saat sonra güclü atışma oldu. Həm artilleriya, həm də iri çaplı silahlarla... Ondan komanda məntəqəsinə geri çəkilib döyüşü ordan idarə etməsini xahiş etdik. Bunu qəti şəkildə rədd etdi. Yenə bölük komandirlərini yığıb başına tapşırıq verdiyi vaxt iri çaplı silahlarla biz durduğumuz yeri vurmağa başladılar. Qəflətən bir güllə tankın zirehinə dəyib,onun başında olan kaskanın üzərinə düşdü. Qorxu içində onu və özümüzü səngərə atdıq. Hamı şok keçirmiş şəkildə onun üstünə tullandı. Elə bildik ki, ona güllə dəyib. Gülə-gülə heç nə olmadığını dedi. “Necə yıxdınızsa, ayağım əzildi”. Yerə yıxılanda dizi daşa dəymişdi möhkəm...

Bu hadisədən yarım saat sonra xidmət etdiyi ərazilərdən zənglər gəldi. Hamı Polad paşaya nə olduğunu soruşurdu. Onunla birgə xidmət etmiş bütün zabitlər narahat halda maraqlanırdılar. Elə bil öz qardaşları haqda məlumat alırdılar.

Hərbi məlumatlar olduğu üçün çox şeyi demək olmur. Amma Polad Həşimov elə bir zabit, elə bir insandır ki, onun haqqında kitablar yazılsa, filmlər çəkilsə, yenə də az olar. Mən çox xoşbəxtəm ki, onunla birlikdə döyüşdə olmuşam, onu tanımışam. Aprel döyüşlərindən sonra evə qayıdanda, onun günü bu gün general olmasını arzuladığımı dedim. Amma olmadı... Hansısa səbəblərdən 3 il sonra, 2019-cu ildə general rütbəsi aldı. Onun üçün rütbə filan adi şeylər idi. Onun üçün hər şeydən əvvəl düzgünlük və insan olmaq gəlirdi.

Döyüşlərdən sonra məni və başqa bir neçə zabiti vəzifə vermək üçün komandanlığa çağırmışdılar. İdarə Heyəti bir-bir zabitləri xarakterizə edirdi. Yekun sözü isə Polad paşa deyirdi. Növbə mənə çatdı. Adım çəkildi, ayağa qalxmaq istədim. Durmağa imkan tapmamış, Polad paşa asta və zəhimli səslə “bu zabiti xarakterizə etməyə ehtiyac yoxdur. Döyüşlərdə mənimlə birgə olub, gözümün qabağında olub. Otur aşağı!” dedi.

Polad Həşimov belə qiymət verirdi hər şeyə. Belə insan idi. Tabeliyində olan şəxsi heyəti tanıyırdı. Kimin nəyə qadir olduğunu bilirdi.

Mən onun haqqında günlərlə danışa bilərəm. Yaza bilmədiyim çox şeylər var. Bütün bunları yalnız onunla o döyüşlərdə olanlar görüblər, onlar bilirlər...

Bu ordudan çox zabitlər, çox generallar gəlib-keçib, amma Polad Həşimov kimisi çətin ki, bir də ola...

Allah sənə rəhmət eləsin, cənab general! Sizi general formasında, canlı görməyi çox istərdim. Amma sizi o formada məzarda gördüm. Bu ordunun sizdən qazanacağı hələ çox şey var idi. Amma bilin ki, hər zaman sizin hörmətinizi, şərəfinizi qoruyub saxlayacağıq. Sizi hər zaman sevgi və hörmətlə yad edəcəyik...

Səid Rəşidzadə, ehtiyatda olan zabit

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun