Mixeil Saakaşvili Ukraynanın Milli İslahatlar Şurasına rəhbər təyin edilib

Mixeil Saakaşvili Ukraynanın Milli İslahatlar Şurasına rəhbər təyin edilib
8 May 2020
Mətni dəyiş

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Ukraynanın Milli İslahatlar Şurasının icra komitəsinə rəhbər təyin edib.

Məsələ ilə bağlı prezident Zelenski mayın 7-də sərəncam imzalayıb.

Qeyd edək ki, Ukraynanın Milli İslahatlar Şurası 2014-cü ildə strateji planlaşdırma və islahatların aparılması məqsədilə yaradılıb.

Bundan daha əvvəl, aprelin 24-də Mixeil Saakaşvili bildirmişdi ki, o, Ukraynada baş nazirin islahatlardan cavabdeh müavini vəzifəsinə dəvət alıb. Lakin parlamentin onu təsdiqləyib-təsdiqləməyəcəyi bəlli deyildi.

Daha sonra Gürcüstan höküməti ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin Ukrayna höküməti tərəfindən yüksək səviyyəli vəzifəyə dəvət olunmasına etiraz edərək bildirmişdi ki, bu addım iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcək.

Gürcüstanın baş naziri Giorgi Qaxaria aprelin 24-də Tbilisidə Saakaşvilinin doğma vətənində mühakimə olunduğunu və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə axtarışda olduğunu bildirərək, Ukraynanın onu belə yüksək vəzifəyə təyin etməsinin "tamamilə qəbuledilməz" olduğunu söyləyib.

Saakaşvili isə öz növbəsində bütün ittihamların siyasi motivli olduğunu bildirərək, onları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun