Tənqidçi bloqer Ukraynadan Azərbaycana deportasiya edilib

Tənqidçi bloqer Ukraynadan Azərbaycana deportasiya edilib
15 Dekabr 2019
Mətni dəyiş
Azərbaycan vətəndaşı Elvin İsayev Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə dekabrın 12-də qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb. Məlumatda deyilir ki, İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib. Eyni zamanda Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Elvin İsayev dekabrın 14-də Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Bununla yanaşı rəsmi məlumatda Elvin İsayevin Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunduğu və hansı səbəbdən barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilmir. Elvin İsayev Rusiyanın Sankt Peterburq şəhərində yaşayıb. O sosial şəbəkələrdə Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri tənqid edib və bəzən ictimaiyyət tərəfindən təhqir sayılan ifadələrə yer verib. İsayev ilk öncə bu ilin avqustun 24-də Rusiyada saxlanılıb. Əvvəlcə Sankt Peterburqun Dzerjinsky məhkəməsi İsayevi bu ölkənin İnzibati Xətalar Məcəlləsinin xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiya Federasiyasına daxil olmaq qaydalarının və ya qalma rejiminin pozulması maddəsi üzrə ittiham edərək 5 min rubl cərimə ilə Rusiyadan Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıb. Sonra sentyabrın 10-da Dzerjinsky rayon məhkəməsinin şübhəli şəxs İsayev barədə verdiyi qərar ləğv edilib və iş yenidən baxılması üçün geri qaytarılıb. Bununla da İsayev əcnəbilər üçün müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb. Elvin İsayevin Rusiya pasportunu 2001-ci ildə Şimali Osetiyada aldığı və 2014-cü ildə sənədlərini itirdiyi üçün pasportunu dəyişdiyi bildirilir. Bundan sonra Elvin İsayevin harada olması barədə xəbər yayılmayıb. Yalnız, bu gün Azərbaycan Miqrasiya Xidməti onun Ukraynadan Azərbaycana deportasiya edildiyi barədə məlumat yayıb. Bununla yanaşı, sosial şəbəkələrdə Elvin İsayevin bundan öncə Belarusda, daha sonra Ukraynada olduğu bildirilir. Azərbaycanlı mühacirlərin sosial şəbəkələrdə yaydığı qeyri-rəsmi məlumatlara görə, İsayev Ukraynada Avropa ölkələrindən birinə viza almaq istəyib. O hətta bu məqsədlə vəkil də tutub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun