Senat komitəsi Rusiyaya qarşı ‘cəhənnəmdən sanksiyalar’ layihəsini qəbul etdi

Senat komitəsi Rusiyaya qarşı ‘cəhənnəmdən sanksiyalar’ layihəsini qəbul etdi
19 Dekabr 2019
Mətni dəyiş

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın xaricdəki demokratik proseslərə müdaxiləsinə, habelə Suriyada “ziyanlı” fəaliyyətlərinə və Ukraynaya qarşı təcavüzünə görə Moskvanı cəzalandırmağı nəzərdə tutan qanun layihəsini qəbul eddib.

Hər iki partiya tərəfindən hazırlanmış bu layihəni respublikaçı senator Lindsey Graham obrazlı şəkildə “cəhənnəmdən sanksiyalar” adlandırıb.

Azadlıq Radiosunun məlumatına görə, qanun layihəsi dekabrın 18-də komitədən 17 leyhinə, 5 əleyhinə nisbəti ilə keçib.

Əgər komitə Amerika Təhlükəsizliyinin Kremlin Təcavüzündən Müdafiəsi adlı qanunun (DASKA) layihəsini qəbul etsə, bu sənəd daha sonra Nümayəndələr Palatasında və Senatda səsə qoyulacaq.

Sənəd hər iki palatada səsvermədən keçdikdən sonra prezident Donald Trump tərəfindən imzalanmalıdır.

Bunun yeni ilədək baş verəcəyi gözlənilmir.

Rusiyaya ‘cəhənnəmdən sanksiya layihəsi’ müzakirəyə çıxarılır

Bu həftə ABŞ Senatının komitəsi Rusiyaya sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxaracaq. AzadlıqRadiosunun müxbiri Todd Prince yazır ki, bu layihənin elə də güclü təsiri olmaya bilər, çünki Moskva iqtisadiyyatını qorumaqdan ötrü bəzi tədbirlər görüb.

Dekabrın 18-də Senatın Xarici Əlaqələr Komitəsi Amerikanın Təhlükəsizliyini Kremlin Təcavüzündən Qorumaq Aktını bir düzəlişlə müzakirəyə çıxaracaq. Bu layihəni hazırlayandan biri – respublikaçı senator Lindsey Graham onu “cəhənnəmdən sanksiyalar layihəsi” adlandırıb.

DASKA qısa adıyla tanınan layihəni hər iki partiya dəstəkləyir. Sənəddə Rusiyaya xaricdə demokratik proseslərə müdaxiləsi, eləcə də Suriyada “ziyanlı” fəaliyyəti, Ukraynaya təcavüzünə görə sanksiyalar nəzərdə tutulur.

DASKA kimləri hədəfə alır

Bu, son həftələr ərzində Kapitolidə Rusiyayla bağlı müzakirəyə çıxarılan sonuncu qanunvericilikdir. Belə ki, Konqres bayram fasiləsi qabağı yarımçıq işlərini tamamlayır.

DASKA Rusiyanın yeni suveren borcunu, Kremlin “digər ölkələrdə demokratik institutlara zərbə vurmaq” cəhdlərini dəstəkləyən bankları, bu ölkənin neft sənayesinə mal və xidmət satan fərdləri, kibersənayesini, eləcə də Rusiya Prezidenti Vladimir Putinə yaxın fiqurları hədəfə alır. Ötən il təqdim olunmuş dəyişikliklər komitədə səsvermədə çıxarılmazdan öncə müzakirə olunacaq. Təsdiqlənərsə, DASKA daha sonra Nümayəndələr Palatası və Senatda səsə qoyulmalıdır.

Layihənin qanuna çevrilməsi üçün prezident tərəfindən imzalanmalıdır, bu isə gələn ilə qalır.

Sanksiyalar ABŞ-da fərdlərin Rusiyanın dövlət istiqrazlarını almasını qadağan edə bilər. Təhlilçilər deyirlər ki, Rusiya iqtisadiyyatını bu təhlükədən qoruyan addımlar atıb. Rusiyanın xarici valyuta və qızıl ehtiyatları son bir ildə 20 faizədək artaraq 550 milyard dollar çatıb. Ölkənin suveren borcunun ümumdaxili məhsulda payı 20 faizdən azdır və bu da digər böyük iqtisadiyyatlardan müqayisədə çox kiçik rəqəmdir.

“Rusiyanın hazırlaşmağa vaxtı oldu”

“İnformasiya elə yaxşı yayıldı ki, Rusiyanın hazırlaşmağa vaxtı oldu. ‘Rusiyaya ziyan vuracağıqmı’ sualının cavabı ‘xeyr’dir”, – Vaşinqtonda mənzillənən Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçı müavini Elina Ribakova deyib. Onun sözlərinə görə, Rusiya banklarının əcnəbilərin əlində olan dövlət istiqrazlarını almağa yetərincə nağd pulu var. Digər tərəfdən, yüksəkçinli rusiyalılar özlərini DASKA-nın sanksiyalarından qorumaq məqsədiylə xaricdəki pul və aktivlərini geri çəkməyə başlayıblar.

DASKA-nın qəbulu sadəcə konqresmenlərə “tribunaya çıxaraq nəsə etdiklərini demək imkanı verir”, – Ribakova bildirib.

Bəzi təhlilçilər və konqresmenlər hətta Rusiyanın Almaniyaya çəkdiyi 11 milyard dollarlıq Şimal axını-2 qaz kəmərinə sanksiyaların təsiri olub-olmayacağını sual edirlər.

Konqresin bəzi üzvləri bu layihəni əngəlləməyə çağırıb, onun Avropanı Rusiya enerjisindən asılı duruma salacağından narahatlıq bildirib. Baltik dənizinin dibilə çəkilən kəmər Almaniyanın Rusiyadan qaz idxalını iki dəfəyədək artıracaq. Senat dekabrın 17-də bu kəmərin çəkilməsinə kömək edən şirkətlərə sanksiyalar layihəsini qəbul edib. Prezident Donald Trump-ın layihəni bu həftə imzalayacağı gözlənir.

Ancaq Şimal axını 2-nin 80 faizindən çoxu artıq hazırdır. Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Chris Murphy bu ayın əvvəlində deyib ki, layihənin qarşısını ala biləcəklərinə “şübhə edir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun