Ermənistan-İsrail yaxınlaşması Azərbaycan üçün nə vəd edir - Şahin Cəfərli

Ermənistan-İsrail yaxınlaşması Azərbaycan üçün nə vəd edir - Şahin Cəfərli
23 Sentyabr 2019
Mətni dəyiş

Ermənistan hökuməti İsrail dövlətində səfirlik açmağa qərar verib. Bu barədə hazırlanan qanun layihəsi xarici işlər naziri Zohrab Mnatsakanyan tərəfindən Nazirlər Kabinetinin 19 sentyabr tarixli toplantısında təqdim edilib və hökumət üzvləri tərəfindən bəyənilib.

Nazir qərarı belə əsaslandırıb ki, Ermənistan-İsrail ikitərəfli münasibətlərinin dayanıqlı inkişafını təmin etmək kontekstində Ermənistanın tezliklə Tel-Əvivdə səfirliyinin açılması önəm daşıyır: “Ermənistanın İsraildə diplomatik nümayəndəliyinin yaradılmasının vacibliyi həm də buna əsaslanır ki, İsrail Yaxın Şərq regionunda önəmli geosiyasi aktordur və onun apardığı siyasət bu bölgənin sabitliyinə birbaşa təsir göstərir”.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, tərəflər indiyədək səfirlik açmamışdılar. Bunun səbəbləri, daha əvvəl tərəflərdən hər hansı birinin bu istiqamətdə təşəbbüs göstərib-göstərmədiyi, təşəbbüs olubsa da, kim tərəfindən göstərildiyi və niyə reallaşmadığı dəqiq məlum deyil. Ona görə də, bu məsələni ehtimallar əsasında izah etmək mümkündür.

İsrail bölgədə Türkiyə ilə və SSRİ-nin çöküşündən sonra müstəqillik qazanan Azərbaycanla əməkdaşlığa indiyədək daha çox önəm verib. Türkiyənin böyük müsəlman dövləti kimi İsraili tanıması və onunla siyasi, iqtisadi, hərbi əməkdaşlıq qurması İsrail üçün son illərə qədər çox qiymətli olub.

Bu əməkdaşlıq ABŞ-dakı erməni və yunan lobbilərinin Konqresdə Türkiyə əleyhinə fəaliyyətinin, “erməni soyqırımı”nın tanıdılması cəhdlərinin bloklanmasında mühüm rol oynayıb, yəhudi lobbiləri hər zaman Türkiyəyə kömək ediblər. Bu isə erməni tərəfində qıcıqla qarşılanıb. Yerusəlimdə (Qüds) məskunlaşmış erməni icmasının İsrail-Fələstin münaqişəsi tarixində daha çox fələstinlilərə yaxın durması faktı da var. Məsələn, bu torpaqlarda yaranan ASALA terror təşkilatının qurucusu Akop Akopyan (əsl adı Arutyun Taquşyan) daha əvvəl Fələstin Azadlıq Təşkilatının sıralarında, hətta 1972-ci il Münhen Olimpiya oyunları zamanı israilli idmançılara qarşı terror törədən “Qara sentyabr”da təmsil olunub.

ASALA fələstinli qruplarla birlikdə İsrailə qarşı döyüşüb. Bu səbəblə 1982-ci ildə İsrail kəşfiyyatı Türkiyə kəşfiyyat orqanı - MİT-in Beyrutun şərqindəki ASALA düşərgələrinə qarşı əməliyyatlar keçirməsinə şərait yaratmışdı. ASALA və onun qurucuları Ermənistanda qəhrəmanlaşdırılır, şübhəsiz ki, bu, İsraildə məmnunluq yarada bilməz. Bundan başqa, ermənilərin “Mets yegern”i (1915-ci ildəki “Böyük fəlakət”) Holokostla eyniləşdirməyə çalışması yəhudilərdə həmişə qıcıq doğurub, əksər yəhudi təşkilatları və siyasətçiləri hesab edirlər ki, XX əsrin yeganə soyqırımı məhz yəhudi soyqırımıdır.

Ermənistanın müstəqillikdən üzü bəri İranla dostluğu və strateji tərəfdaşlığını da İsraili İrəvanla yaxınlıqdan çəkindirən amillərdən biri kimi qeyd etmək mümkündür. Yaxud da əksinə, Ermənistan Azərbaycan və Türkiyə tərəfindən blokadaya alınması səbəbi ilə İran istiqamətini həyati əhəmiyyətli saydığı üçün İsraillə əlaqələri arxa plana atıb. Güman ki, bütün bu səbəblər toplusu ötən dövrdə İsrail və Ermənistan arasında münasibətlərin yüksək səviyyəyə qaldırılmasına mane olub. Amma dövr dəyişib və yeni geosiyasi reallıqlar, yeni tələbatlar ortaya çıxıb.

Ermənistanın qərarından sonra İsrailin analoji addım atıb-atmayacağı hələlik bəlli deyil. Məlum olan budur ki, İrəvanın İsraildə səfirlik açmasında məqsəd Z.Mnatsakanyanın diplomatik cümlələrində ifadə olunan səbəblərdən irəli gəlmir. Bunun bir neçə hədəfə yönəlmiş strateji bir addım olduğunu söyləmək olar. Xüsusən 2016-cı ilin qısamüddətli aprel döyüşlərində Ermənistan silahlanma sahəsində geri qaldığını və İsraildən modern silah sistemləri alan Azərbaycan ordusunun üstünlüyünü fərq etdikdən sonra İsraillə yaxınlaşmaq üçün geniş siyasi-diplomatik fəaliyyətə başlamışdı.

Görünür, bu fəaliyyət ilkin nəticələrini verib. Aydındır ki, İsrailin razılığı olmadan Ermənistan orada səfirlik açmağa qərar verə bilməzdi. Ermənistanın məqsədi budur ki, Azərbaycanın İsrail dövləti və yəhudi lobbiləri ilə əlaqələrini mümkün qədər zəiflətsin, ən azı onların bəzi məsələlərdə Bakını dəstəkləməkdən vaz keçərək tərəfsiz qalmalarına nail olsun, Azərbaycana regiondakı güc balansını pozacaq yüksək texnologiyalı silahların verilməsinə əngəl törətsin.

İsrail-Türkiyə siyasi əlaqələrindəki problemlərdən faydalanmaq istəyən erməni dövləti və diasporası həm Konqresdə, həm də Knessetdə “soyqırım”ın tanınması şansının yüksəldiyinə də inanır. İsrail isə Türkiyənin onun üçün sadiq tərəfdaş olmadığını, ola bilməyəcəyini gördü və Ermənistanla əlaqələrin inkişafına qərar verməsində bu amilin də rolu var. İsrailin marağı həm də ondan ibarətdir ki, Azərbaycanla yanaşı, İran sərhədlərində yerləşən daha bir ölkə ilə münasibətlərini inkişaf etdirsin.

Təbii ki, Azərbaycan ictimaiyyətini düşündürən əsas suallardan biri İsrail-Ermənistan əlaqələrindəki istiləşmənin İsrail-Azərbaycan münasibətlərinə hansı şəkildə təsir göstərəcəyi məsələsidir.

Unutmaq olmaz ki, münasibətlər kifayət qədər yaxşı olsa da, Azərbaycan hələ də İsraildə səfirlik yaratmayıb, üstəlik, Bakı Fələstin məsələsində ən azı kağız üzərində mövcud olan ümummüsəlman həmrəyliyinə əməl edir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə dəstək bəyanatlarına qoşulur, müstəqil Fələstin dövlətinin yaradılmasını müdafiə edir.

Azərbaycan özünün cənub qonşusu İranın mövqeyini də müəyyən qədər nəzərə alır və İsraillə münasibətlərini yeni səviyyəyə qaldıraraq Tehranın qəzəbini üzərinə çəkmək istəmir. Çünki İranın Azərbaycanı destabilizasiya etmək imkanlarının olduğu sirr deyil.

Bu səbəblərdən İsrail yəqin ki, Tel-Əvivdə Ermənistan səfirliyinin açılmasına icazə verməsinin Azərbaycanın rəsmi səviyyədə narazılığına səbəb olmayacağına əmindir. Onu da qeyd etmək lazımdır ki, İsrail Azərbaycana silah satmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsində bitərəf mövqe tutur.

İsrail Fələstinlə bağlı BMT qətnamələrinə əməl etmir və onları yox sayır, Ermənistan da eynilə Dağlıq Qarabağa dair qətnamələri rədd edir. Bu baxımdan iki ölkənin siyasətində oxşarlıq var.

Şübhəsiz ki, Tel-Əvivdə Ermənistan səfirliyinin fəaliyyə başlaması İsrail-Azərbaycan əlaqələrinin pozulması anlamına gəlməyəcək, amma Ermənistanın uğurlu diplomatik həmləsini gözardı etmək də doğru olmazdı...

Şahin Cəfərli, politoloq

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun