Qadınlara "şəhvət obyekti" kimi baxmaqdan günahlandırılan repressiya qurbanı...

Qadınlara "şəhvət obyekti" kimi baxmaqdan günahlandırılan repressiya qurbanı...
30 İyul 2019
Mətni dəyiş

1-ci epizod

1888-ci ildə Göyçay mahalının Potu kəndində, Sədrəddin Əfəndinin ocağında yeni bir körpə dünyaya gəlir. Adını "Qafur" qoyurlar.

Sədrəddin Əfəndi çağının mütərəqqi görüşlü insanlarından biri idi. "Sədi Salis" təxəllüsü ilə şeirlər də yazar, savadlanmaya böyük önəm verərmiş.

Qafur ilk təhsilini elə atasının müəllim işlədiyi mədrəsədə alır. Klassik Şərq ədəbiyyatını dərindən öyrənir.

Sədrəddin Əfəndi oğlunun ədəbiyyata və elmə marağını görüb çox sevinir, ona daha yaxşı təhsil vermək qərarına gəlir.

1905-ci ildə Göyçaya gələn Qafur həmin dövrün açıq fikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxumağa başlayır.

2-ci epizod

Elə ki, Qafur təhsilini başa vurur, öyrəndiklərini paylaşmaq ehtiyacı hiss edir. Bunun da səbəbi var idi. O yaxşı başa düşürdü ki, cəmiyyətdə maariflənməyə ciddi ehtiyac var. Əks halda heç bir tərəqqidən, yüksəlişdən danışmaq mümkün deyil.

Ümumiyyətlə, o, xalqı mədəni inkişafdan geri saxlayan səbəbləri və səbəbkarları yaxşı bilirdi. İlk mətnlərindən həmin səbəb və səbəbkarları ifşa etmək yolunu tutur.

3-cü epizod

Gənc Qafurun arzuları böyük idi: o, daha yaxşı təhsil almağı və əldə etdiyi biliklərlə xalqı cəhalət qaranlığından qurtarmağı qarşısına məqsəd qoymuşdu.

Bu səbəblə 1911-ci ildə təhsilini davam etdirmək məqsədilə Osmanlıya gedir, burada İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olur.

İstanbul mühiti 23 yaşlı Qafurun düşüncələrinə ayrıca təsir edir.

[caption id="attachment_80432" align="alignleft" width="113"] Qantəmir[/caption]

O, elmsiz bir toplumun düçar olduğu məşəqqətlərdən xilas ola bilməyəcəyini daha dərindən başa düşür.

Əslində İstanbuldakı təhsilini başa vurduqdan sonra Qafur burada qalıb işləmək istəyir. Ancaq  I Dünya müharibəsinin başlaması (1914)  onun bu arzusunun həyata keçməsinə imkan vermir.

Azərbaycana qayıdır. 1915-ci ildə Göyçayda yeni açılan “İqbal” məktəbində işə düzəlir.

1916-cı ildə isə “Nəşri-maarif” cəmiyyətinin Qubada açdığı məktəbə müdir vəzifəsinə dəvət olunur.

4-cü epizod

Gənc Qafur istər təhsil aldığı, istərsə də müəllimlik etdiyi illərdə kiçik hekayələr yazırdı. Özünə isə "Qantəmir" imzası seçmişdi.

Satirik ruhlu həmin hekayələrdə xüsusilə Mirzə Ələkbər Sabirin ruhu aydın hiss olunurdu.

Yeri gəlmişkən: Qantəmirlə bağlı əksər məqalələrdə onun Mirzə Ələkbər Sabirlə görüşdüyünə dair qeydlər var.

Üstəlik, bu görüşün İstanbulda təhsil aıb qayıtdıqdan sonra baş tutduğu vurğulanır ki, ortaya mübahisəli məqam çıxır: Qantəmir Osmanlıda təhsil almağa, yuxarıda da vurğuladığımız kimi, 1911-ci ildə getmişdi.

Təhsilini isə 1914-cü ildə baş vurmuşdu.

Mirzə Ələkbərin ölüm tarixinə gəlincə: böyük şairimiz 1912-ci ildə dünyasını dəyişib.

Elə isə Qantəmir M.Ə.Sabirlə nə vaxt görüşüb? Bu sualın cavabı açıq qalır.

Lakin ən önəmlisi odur ki, Mirzə Ələkbər öz yaradıcılığı ilə gənc Qafurun beynində fırtına yaratmağa, onu keçmişin buxovlarından xilas etməyə, savadlılığın önəmini daha dərindən başa düşməyə nail olmuşdu.

4-cü epizod

Qantəmirlə bağlı maraqlı məqamlardan biri isə siyasi baxışları ilə bağlıdır.

O, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin qurulmasını böyük sevinclə qarşılamışdı.

Artıq daha böyük həvəslə satirik hekayələr yazır, müəllimlik edirdi.

Qantəmirin Cümhuriyyətlə bağlı düşüncələri aşağıdakı cümlələrdə çox aydın ifadə olunub: “Bizim əsas məqsədimiz Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu müstəqillik asan alınmayıb, tökülən şəhid qanları hesabına başa gəlib. Biz onların axıtdıqları qanların hədər getməsinə yol verməməli, müstəqilliyimizin qorunub saxlanılması üçün hər birimiz şirin canımızdan keçməyi bacarmalıyıq. Zira millətimizin gələcəyinə və müstəqilliyimizin hifz olunmasına yol ancaq bundan keçir”.

Elə ki Cümhuriyyət bolşevik istilası nəticəsində yıxıldı, Azərbaycanın bir çox görkəmli aydınları sanki özlərinin və ölkənin başına gələcəkləri zamanında, həm də çox dəqiq başa düşübmüş ki, mühacirətə üz tutmağa başladılar.

Oxşar hissləri keçirənlərdən biri də Qantəmir idi. Öncə o da mühacirətin yolunu tutmağı qərara almışdı.

Lakin dərhal da bu fikirdən daşındı.

Səbəb?

Səbəb elə onun öz cümlələrində gizlənib: "Hamı bu ölkəni tərk etməyə cəhd göstərir. Belə getsə, bu məmləkətdə kim qalacaq? Bu məmləkət bizə babalarımızdan yadigar qalıb. Onu qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq, bu yolda mübarizələr aparmaq müqəddəs vəzifələrimizdən biri olmalıdır".

5-ci epizod

Sovet hakimiyyəti qurulduqdan sonra Qantəmir bu dəfə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Təhsilini bitirdikdən sonra müəllimliklə yanaşı diş həkimi kimi çalışır və xidmət göstərir.

20-ci illərin ikinci yarısında Qantəmir yazdığı satirik ruhlu hekayələrdən ibarət “Ağıl dəryası” və “Şarlatanlar” adlı kitabları dərc olunur.

Bu kitablardakı hekayələrin bəzisində Sovet hakimiyyətinə tənqidi münasibət aydın hiss və ifadə olunurdu.

Odur ki, xüsusi xidmət orqanları yazıçını nəzarətə götürürlər.

Qantəmirin vaxtilə Azərbaycan Cümhuriyyətinə yaxşı münasibəti onsuz da unudulmamışdı.

Bunun üzərinə onun həmin hekayələri də əlavə olundu. Beləliklə, Qantəmirin həbsi qaçılmaza çevrildi.

6-cı epizod

Həbsinədək Qantəmir xalq maarifi sahəsində işləyir: Göyçayda müəllim hazırlamaq üçün qısamüddətli pedaqoji kurslar təşkil edir, sonralar Bakıda Ali Pedaqoji İnstitutun nəzdində təşkil olunan Abdulla Şaiq adına ikinci dərəcəli nümunə məktəbində direktor vəzifəsində çalışır.

Düzdür, o, 1937-ci ilin "qırmızı terror"undan salamat ötüşə bilir. Lakin iki il sonra –1939-cu ildə diş həkimi kimi çalışdığı Ağsu rayonunda həbs olunur və Orta Asiyaya sürgünə göndərilir.

Sürgününü məhrumiyyətləri nəticəsiz qalmır: Qantəmir 1944-cü ildə 56 yaşında dünyasını dəyişir.

7-ci epizod

37-ci il repressiyasından cəmi bir il əvvəl – 1936-cı ildə, “Kommunist” qəzetinin 3 fevral tarixli sayında Qantəmir haqqında Ə.Hidayət imzası ilə bir yazı dərc olunmuşdu.

Yazıda onun "Ağıl dəryası" və "Şarlatanlar" kitabı kəskin tənqid olunur.

Həmin məqalədən bir neçə sitat:

"Qantəmirin yazıçılıq yolu çox qısadır. Bu yaradıcılıq dərin və mürəkkəb bədii axtarış yolları ilə deyil, çox primitiv xətlərlə gedir. O, bizim ədəbiyyatımıza özünə məxsus yol ilə gəlmişdir. Lakin bu yolda mahiyyət etibarilə heç bir orijinallıq yoxdur.

"Qantəmirin hekayələrində tematik müxtəliflik, öz yaradıcılıq diapazonunu genişləndirmək təşəbbüsü görünmür".

"Onun əsərlərində bizim ictimai varlığımızı qalib sosializm quruluşu pozisiyalarından görən və qiymətləndirən gənc şura yazıçısının həqiqi dünyanı anlayış ədası yoxdur. O, öz hekayələrinin sujetini inkişaf etdirərək, hadisələrin ancaq zahiri fonu ilə kifayətlənir".

"O, bizim ictimai varlığımızdakı hadisələrin hər birində bir məna, hər bir hərəkətdə bir istiqamət axtarmır".

"Qantəmirin yumoristliyi haqqında çox danışılır. Doğrudur, bu hekayələr adamı bəzən güldürür, ancaq bu gülüş boş və mənasız hırıltıdan ibarət olaraq qalır.

Bəzən oxucu bu hekayələrdəki tiplərə deyil, müəllifin gülünc vəziyyətinə gülür".

"Qantəmir öz əsərlərində effekt yaratmaq üçün bir sıra ən çirkin, ən ləyaqətsiz sözlərə və küçə söyüşlərinə əl atır".

"Bu bizim tərəfimizdən qəti və amansız ifşa edilməlidir. Bu əsərlərin "Azərnəşr"in bədii ədəbiyyat şöbəsi tərəfindən bu şəkildə buraxılması böyük bir səhv və bağışlanmaz qüsurdur.

Qantəmir öz yaradıcılığı ilə təhlükəli bir yoldadır. O, tutmuş olduğu bu mənfi istiqamətdən mütləq çevrilməli və həqiqi yenidən qurulma yollarına düşməlidir”.

Beləliklə, Hüseyn Cavidin formalizmdə günahlandırıldığı o illərdə Qantəmir naturalizmdə günahlandırılırdı.

Lakin bütün bu ədəbi-bədii yüklü tənqidlərin canı məqalənin aşağıdakı hissəsində gizlənib və açıq-aşkar siyasi məqsəd, müəyyən mənada hədəf göstərmə niyyəti daşıyırdı: "Müəllif bizim həyatımızın ancaq mənfi tərəflərini görür və mənfi hadisə və faktlar həmişə onun əsərlərində həddən artıq şişirdilir, ümumilik və xarakterlilik mövqeyinə qaldırılır və bununla müəllif açıqdan açığa bizim ictimai varlığımızı təhrif edir, saxtalaşdırır.

Məsələn, Qantəmir özünün “Xanım Əminə” hekayəsində Bakının türk hissəsini və yeni Şura küçəsi rayonunu; buradakı nümunəvi dövlət müəssisələrinə, kino, teatrolara, nümunəvi cocuq baxçalarına, məktəblərə, radio stansiyalara və səhiyyə müəssisələrinə baxmayaraq ən cahil, ən avam, insan həyatından uzaq, səfalət yuvası kimi göstərməyə çalışır.

Adama belə gəlir ki, müəllif proletar sosialist Bakısının tamamilə yeni, nümunəvi və sürətlə boy atan şura rayonundan deyil, köhnə patriarxal İran şəhərlərindən danışır.

Qantəmirin yazıçılıq gözü görünməz bir sürətlə böyüyən bu rayonda şura yazıçısının qələminə layiq qəti sürətdə heç bir müsbət cəhət tapa bilmir.

Qantəmir sosialist Bakısının mərkəzi olacaq bu rayona ancaq şəhvət oyadan qızlara və gəlinlərə baxmaq üçün gedir. Burada həqiqi insan həyatı, şura və sosializm quruluşu həyatı yoxdur.

Müəllif yazır -  "15 yaşını yenicə doldurmuş sütül gəlinlərə ancaq bu dairədə rast gəlmək olar".

Həqiqətən Qantəmiri ancaq bu gəlinlərə baxmaq, bunların dedi-qodularını dinləmək maraqlandırır, “siz hər nə rəng verirsiniz verin, mənim ən çox xoşuma gələn şey arvad davasıdır”.

Bu Qantəmirin ən səmimi ifadəsidir.

Qantəmir ən qabaqcıl, ən aktiv, hətta firqəçi və komsomolçu qadında və qızda bir dənə də olsun müsbət insani xüsusiyyət görə bilmir.

Onun üçün qadın ancaq əyləncə, “saçının uzunluğuna rəğmən əqli qısa”, sütül bədənli və ictimai işə yaramayan bir şəhvət obyektidir.

Qantəmirin bu tipləri əsərinə almaqda məqsədi qabaqcıl əməkçi türk qadınlarının obrazını yaratmaq deyil, bu tiplər simasında oxucunun hırıltısına səbəb olan qondarma və süni cizgilər qeyd etməkdir".

Beləliklə: 37-ci il repressiya öncəsi Qantəmirin həbsi və məhvi üçün zəmin hazır idi. O,  Sovet hakimiyyətinin "uğurlarını" görməməkdə, mənfi hadisələri, faktları ön plana çıxarıb tənqid hədəfinə çevirməkdə suçlandırılırdı.

Lakin nədənsə onu repressiyaların ən şiddətli çağında – 37-ci ildə yox, iki il sonra həbs və sürgün etdilər.

Nəticə isə dəyişmədi: o da repressiya maşınının kəskin dişləri arasından sağ çıxa bilmədi...

Elnur Astanbəyli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun