Koçaryanı həbsdən buraxmış hakim hökümət tərəfindən təzyiqə məruz qaldığını deyir

Koçaryanı həbsdən buraxmış hakim hökümət tərəfindən təzyiqə məruz qaldığını deyir
18 İyul 2019
Mətni dəyiş

Ermənistanın Xüsusi İstintaq Xidməti Yerevanın birinci instansiya məhkəməsinin hakimi David Qriqoryanın kabinetində axtarış aparıb.

Bu barədə Azadlıq Radiosunun Erməni xidmətinə məlumat verən qurumun mətbuat katibi Marina Ohanyan deyib ki, axtarış Xüsusi İstintaq Xidmətinin araşdırdığı bir işə görə aparılıb.

Mətbuat katibi bunu da deyib ki, hakimin kabineti möhürlənib.

Azatutyun bildirir ki, məhz bu hakim mayın 18-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın sərbəst buraxılması barədə qərar qəbul etmişdi.

Koçaryan 2008-ci il martın 1-də Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Həmin hakim mayın 20-də Koçaryanın cinayət işinə xitam vermiş və işin konstitusiya baxımından legitimliyinə qiymət verilməsi üçün onu Konstitusiya Məhkəməsinə göndərmişdi.

Başqa sözlərlə, hakim Qrigoryan keçmiş prezidentə qarşı konstitusiya quruluşuna qəsd ittihamının qanuniliyini şübhə altına almışdı.

Azatutyun yazır ki, yerli media ilə söhbətində hakim Qriqoryan onun kabinetində aparılmış axtarışın hər hansı bir şəkildə Koçaryanın işi ilə bağlılığına dair suala “hamı hər şeyi bilir” cavabını verib.

Amma bununla yanaşı hakim deyib ki, axtarış tamam başqa bir işlə əlaqədar keçirilib.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan iyunun 25-də Apellyasiya Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair aşağı instansiya məhkəməsinin, yəni sözü gedən hakim Qriqoryanın qərarını ləğv etdikdən az sonra Yerevan həbsxanasına qaytarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun