“Gəncə hadisələri” üzrə müttəhimlər şahidlərin dindirilməsini tələb ediblər

“Gəncə hadisələri” üzrə müttəhimlər şahidlərin dindirilməsini tələb ediblər
21 İyul 2019
Mətni dəyiş

İyulun 19-da Bakı Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyilə Gəncə hadisələri ilə bağlı ittiham olunan qruplardan birinin işi üzrə iclas keçirilib.

İş üzrə yeddi nəfər keçir. Onlar polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunaraq müxtəlif müddətə həbs cəzası alıblar.

Əsasən Yavər İsmayılzadə 9, Zabil Məmmədov 8,5, Qənbər Qarazadə 7,5, Elvin Əliyev 6, İsa Məhərrəmzadə 8, Aydın Rüstəmov 6, Alim Yusifov 7,5 il azadlıqdan məhrum edilib.

Turan-ın məlumatına görə, iclasın əvvəlində məhkəmə müttəhimlərin işgəncələrdən şikayətlərlə bağlı polis idarəsinə sorğularının cavabları açıqlayıb.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən və Nizami Rayon Polis İdarəsindən daxil olan cavablara görə, heç kim işgəncələrə məruz qalmayıb və şikayət verməyib.

Bakı İstintaq Təcridxanasından gələn məktubda bildirilib ki, müttəhimlər müəssisəyə daxil olarkən müayinədən keçiblər və onlarda bədən xəsarəti aşkarlanmayıb.

Lakin müttəhimlər bildiriblər ki, təcridxanaya daxil olarkən onları müayinə etməyiblər.

Onlardan biri deyib ki, həbs olunanların yaraları sağaldıqdan, işgəncə yerləri silindikdən sonra onları Bakıya etap ediblər.

Aydın Rüstəmovun vəkili deyib ki, sorğuları barəsində şikayət olan orqanlara göndərmək düzgün olmayıb.

"Onlar deməyəcəklər ki, "bəli, biz adamlara işgəncə vermişik. Bizim vəsatətlərimiz düzgün icra edilməyib. Biz işgəncələrin araşdırılması üçün Baş Prokurorluğa müraciət olunmasını xahiş etmişdik", - vəkil deyib.

Sonra müttəhimlər onların əleyhinə yalan ifadə verən şəxslərin məhkəməyə gətirilməsini tələb ediblər.

Vəkillər onları dəstəkləyiblər, qeyd ediblər ki, müttəhimlərin əleyhinə ifadə verən şəxslərin məhkəmədə dindirilməsi tələbi müttəhimlərin hüququdur və Avropa İnsan Hüquqları Konvensiyasına uyğundur.

Müttəhim Elvin Əliyev sübutların saxtalaşdırıldığını bildirib.

E.Əliyev qeyd edib ki, qabaqcadan əlbirlik üzrə cinayət törətməkdə təqsirli bilinir, halbuki, o, digər müttəhimlərlə həbsdən sonra tanış olub.

AlimYusifovun anası məhkəməyə müraciət edərək deyib ki, Şəmkir Sosial Müdafiə Mərkəzində onun gəlininə ünvanlı sosial yardım verməkdən imtina ediblər və deyiblər ki, onun həyat yoldaşı siyasi məhbusdur, onlara yardım düşmür.

O, hakimdən oğlunun siyasi məhbus olub-olmadığını soruşub.

Mənfi cavab alan qadın ona bu barədə arayış verilməsini xahiş edib.

Hakim deyib ki, məhkəmə belə arayışlar vermir. O, məsələyə aydınlıq gətiriləcəyini vəd edib.

İsa Məhərrəmzadənin anası deyib ki, oğlu iki ay öz atasının adı ilə həbsdə olub. Onu Yunis İsa oğlu Məhərrəmzadə kimi həbs ediblər. İki aydan sonra adı düzəldiblər və 7,5 il azadlıqdan məhrum ediblər.

Növbəti məhkəmə ilcası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, işə Gəncə Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən Bakı Apellyasiya Məhkəməsinin binasında baxılır.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.

İyulun 10-da axşam DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsi 40 nəfərdən ibarət 5 qrupun barəsində hökm çıxarıb. Onlar 5 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər. İki qrupun işi üzrə proses davam edir. Bütün proseslər Bakının Sabunçu Rayon Məhkəməsində keçirilib.

Bundan əlavə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi 8 nəfərdən ibarət qrupu mühakimə edib. Onlar 12 ildən 14 ilədək cəza alıblar.

Həmin şəxslər başqa cinayətlərə görə mühakimə olunublar, lakin hüquq müdafiəçisinin qeyd etdiyi kimi, Gəncə hadisələrindən dərhal sonra həbs ediliblər.

Digər 16 nəfər, o cümlədən Gəncənin keçmiş icra başçısına atəş açmış Yunis Səfərov hələ də istintaq altındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun