'Böyük hesabatda bütün məsələlər əksini tapacaq, heç nəyə göz yummuruq'

'Böyük hesabatda bütün məsələlər əksini tapacaq, heç nəyə göz yummuruq'
8 İyul 2019
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach Bakıda səfərdədir.

Həmməruzəçi həbsdə olan ictimai-siyasi fəallarla da görüşməyə çalışır. Bu barədə Azadlıq Radiosu-na açıqlamasında bildirib:

 - Bu səfər Azərbaycanda monitorinq aparmaq, faktları araşdırmaq məqsədilə həyata keçirilir. Yəni, faktaraşdırıcı missiya formasında. Artıq beş ildir ki, Azərbaycanda bu işi görürəm. Monitorinq əsasən demokratiya, insan haqları, qanunun aliliyi sahələrində aparılsa da, məqsədimiz eyni zamanda, ölkənin başqa sahələrdə də necə inkişaf etdiyini araşdırmaqdır. Sosial, təhsil, iqtisadiyyat… – cəmiyyətin bu sahələrdə də durumunu araşdırmaq, faktları toplamağa çalışırıq.

 – Bu beş ildə müşahidəniz nə deyir, ölkə özəlliklə demokratiya, insan haqları, qanunun aliliyi sahəsində irəli gedib, yoxsa geriləyib?

– Qanunun aliliyi sahəsində “dağda çatmalı olduğunuz” məsafə hələ ki, olduğu kimi, eyni ölçüdə qalıb. Cəza məsələsində humanistləşmə ilə bağlı ciddi təşəbbüslər, qanunvericiliyə dəyişikliklər oldu. Biz bu təşəbbüslərin hansı nəticələr verəcəyini yaxından izləyəcəyik. Söhbət hansısa dəyişikliyə “mənfi iki”, yaxud “müsbət beş qiyməti verilməsindən getmir. Bu dəyişikliklərin gələcəkdə müsbət effekt verib-verməyəcəyinə baxacağıq. Bu sahədə əvvəl də xeyli müzakirələr aparmışıq, tövsiyələrimizi vermişik. Tövsiyələrimizdən biri də Azərbaycanda yuvenal ədliyyə sisteminin yaradılması idi. Respublikanın prezidenti də fərmanında bunu tələb kimi qoydu. Baxacağıq ki, bu tələb qanunvericilikdə necə reallaşacaq. Müəyyən cəzalar həbslə müşahidə olunacaq, yoxsa qeyri-həbs sanksiyaları tətbiq olunacaq – bunları gələcəkdə mütləq izləyəcəyik. Yəni bu fərmandan irəli gələrək, ayrıca bir sistem kimi yuvenal ədliyyə sisteminin yaradılması gözlənilir.

 – Azərbaycanla bağlı hesabatın AŞPA-nın plenar iclasında müzakirəsi nə vaxta nəzərdə tutulub?

 – Bu səfərin hesabatı sentyabrda Parisdə, oktyabrda Strasburqda təqdim olunacaq. Amma plenar iclasa çıxarılan böyük hesabat adətən 2-3 ildən bir olur. Azərbaycanla bağlı növbəti hesabat da güman ki, 2020-ci ildə ola bilər. Biz ətraflı məlumat toplamaq üçün səfər zamanı təkcə Prezident Administrasiyası, nazirlərlə, yəni hakimiyyətlə görüşlərlə kifayətlənmirik. Eyni zamanda, vətəndaş cəmiyyəti, jurnalistlər, hətta parlamentdə olmayan müxalif siyasi partiyalarla da görüşlər keçiririk. Çalışırıq həbs yerlərində saxlanılan şəxslərlə də görüşək.

 - Yekun hesabatda Azərbaycanla Avropa Şurası arasındakı “laundromat” (Azərbaycandan milyardlarla vəsaitin çıxarılaraq xaricdə lobbiçilik işinə xərcləndiyini üzə çıxaran araşdırma – red.) qalmaqalıyla bağlı araşdırma da əksini tapacaqmı?

 – Böyük hesabatda bütün məsələlər əksini tapacaq. Biz heç nəyə gözümüzü yummuruq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun