İşgəncələrə məruz qalmış zabitə ölümündən sonra bəraət verilib

İşgəncələrə məruz qalmış zabitə ölümündən sonra bəraət verilib
10 İyun 2019
Mətni dəyiş

Hüquq müdafiəçisi Oqtay Gülalıyev məhkəmə sənədlərinə əsaslanaraq 2017-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin hərbçisi, polkovnik-leytenant Saleh Qafarova tutulma və istintaq zamanı verilən işgəncələr barədə yazıb.

S.Qafarov 2017-ci il mayın 4-də dövlətə xəyanət ittihamı ilə həbs edilib. O, istintaq zamanı ölüb. Bir ildən sonra 2018-ci il mayın 4-də onunla bağlı cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

S.Qafarov peşakar zabit olub, ermənilərlə döyüşlərdə fəal iştirak edib, nümunəvi və qüsursuz xidmətlərinə görə dəfələrlə orden və medallarla təltif olunub.

2017- ci il mayın 4-də evindən zorla aparılaraq Tərtərdə hərbçi həmkarları tərəfindən ölüncəyə qədər ağır işgəncələrə məruz qalıb.

O.Gülalıyevin bildirdiyinə görə, zorakılığı Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri törədiblər.

Məhkəmə materiallarında S.Qafarovun cəsədi ətraflı təsvir olunub ki, bu da onun vəhşicəsinə işgəncələrə məruz qaldığını sübut edir. Eyni zamanda ona tibbi yardım göstərilməyib.

Zabitdən tələb ediblər ki, Ermənistanın xüsusi xidməti ilə əməkdaşlıq etdiyini etiraf etsin.

Öldükdən sonra S.Qafarovu doğulduğu və yaşadığı Qəbələ rayonunun Aydınqışlaq kəndinin qəbiristanlığında 300 nəfər polisin və hərbçinin iştirakı ilə dəfn ediblər. Ailə üzvlərinin, qohumlarının dəfn mərasimində iştirakına icazə verməyiblər.

Uzun müddətdən sonra bir qrup hərbçinin törətdiyi bu cinayətin üstü açılıb və zabiti öldürən hərbçilər həbs olunaraq mühakimə ediliblər. İstintaq müəyyən edib ki, S.Qafarov və onun digər xidmət yoldaşları günahsız yerə əziyyət çəkiblər.

Ancaq günahkarları (5 hərbçi) S.Qafarovun ölümünə görə yox, başqa ittihamlarla həbs ediblər və 6 il azadlıqdan məhrum ediblər.

Bu faktlarla bağlı Müdafiə Nazirliyindən və Hərbi Prokurorluqdan şərh almaq mümkün olmayıb. Həmin orqanlardan birinin adının açıqlanmasını istəməyən nümayəndəsi deyib ki, artıq məhkəmələr baş verənlərə hüquqi qiymət veriblər.

Hərbçiyə işgəncələr verilməsi ilə bağlı materiallar criminal.az saytında dərc edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun