Görmə məhdudiyyətli məktəblilər "Sevil" operasını səhnələşdiriblər [video]

Görmə məhdudiyyətli məktəblilər "Sevil" operasını səhnələşdiriblər [video]
13 İyun 2019
Mətni dəyiş

Bakının 38 saylı məktəbinin şagirdləri, görmə məhdudiyyətli məktəblilər bəstəkar Fikrət Əmirov tərəfindən Cəfər Cabbarlının eyniadlı dramı əsasında 1953-cü ildə yazılmış "Sevil" operasını səhnələşdiriblər. 

Tamaşanın quruluşçu rejissoru Sevinc Məmmədova deyir ki, Sevil operasını səhnəyə qoymaq ideyası hələ üç il əvvəl yaranmışdı.

"Əslində biz istəyirdik biraz məzmunu dəyişdirək, müasir edək. Ancaq sonra fikirləşdik ki, Cəfər Cabbarlıdan daha yaxşı heçnə yarada bilmərik. Bu dahiyanə bir əsərdi və bu mövzu həmişə aktual olub, insan öz gözünün qabağındakına dəyər vermir, itirdikdən sonra qiymətləndirir".

S.Məmmədova bildirib ki, onlar aprel-may ayına tamaşanı səhnəyə qoymağı planlaşdırıblar və 5 nəfərlik komanda yaradıblar.

Tamaşanın tərtibatçısı və konsertmeysteri Arzu Teymurova bildirib ki, görmə məhdudiyyətli şagirdlərlə bu tamaşanı səhnələşdirmək çox çətin iş idi. 

"Lakin mən xaraktercə qorxaq insan deyiləm və mənimçün çətin heç bir iş yoxdur. Bu işdə Sevinc Məmmədovaya dəstək oldum, dedim sən başla, mən sənə kömək edəcəm".

Vokal müəllimi Kifayət Mikayılova deyir ki, şagirdlər məhdud qabiliyyətli olduqlarına görə notla oxumaq onlar üçün çox çətin olurdu, onları səhnəyə hazırlaşdırmaq, məsələn demək ki, çadranı elə at düz Balaşın üzünə dəysin və sairə hərəkətləri öyrətmək asan olmadı.

"Uşaqları seçmək çox çətin idi, biri alınırdı, biri alınmırdı. Yanvar ayından may ayına qədər məşqlər davam etdi. Uşaqların özlərində də maraq var idi. İşə gəlirdim, gedirdim zalın açarını götürməyə, açar uşaqlardadı, oturub sizi gözləyirlər. "

Konsertmeyster İlqar Əhmədov bildirib ki, şagirdlərin aktyor təcrübəsi yoxdur, onlar peşəkar deyillər.

"Amma biz onların kiçicik təcrübəsini öz həvəsimizlə, tandemlə birləşdirərək çalışdıq ki, onlardan nəsə əldə edək və çox şey əldə etdik. Hər dərs gəlirdilər ki, müəllim, bizim məşqimiz nə vaxtdı?"

Sevinc Məmmədova deyir ki, hər dəfə məşqlərə gələndə tərəddüd edirmiş, amma məşqlər zamanı uşaqların arzusunu, potensiallarını, istedadını görəndən sonra "qanadlanıb" qayıdırmış.

Məktəb direktoru Əsab Əliyev deyir ki, ona deyiləndə ki, belə bir tamaşanı səhnəyə qoymaq istəyirlər, o tərəddüd edib.

"Heç nə demədim, dedim başlayın. Görün alınır, yoxsa yox. Bir dənə onu dedim ki, mən sizin yanınızdayam, nə probleminiz olsa, canla-başla həll etməyə hazıram. İndiyə qədər 38 saylı məktəbdə çox tədbirlər olub, amma bunun kimi uğurlusu olmayıb".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun