'Fuadın başını aşağı salmaq bütün Azərbaycanın başını aşağı salmaq deməkdir' [video]

'Fuadın başını aşağı salmaq bütün Azərbaycanın başını aşağı salmaq deməkdir' [video]
23 May 2019
Mətni dəyiş

Mayın 22-dә Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Beynəlxalq Diaspor Mərkəzinin (BDM) tәşkilatçılığı ilә Rusiyada saxlanan jurnalist Fuad Abbasovla bağlı tədbir keçirilib.

Abzas xəbər verir ki, tədbirdə F.Abbasovun qarşılaşdığı vəziyyətlə bağlı narahatlıq dilə gətirilib. İştirakçıların fikrincə, F.Abbasov Rusiyada yaşayan, ancaq adını çəkmədikləri Azərbaycan əsilli oliqarxın sifarişi ilә saxlanıb.

F.Abbasovun anası Büllur Abbasova bildirib ki, oğlunun başına gələn hadisələrin təşkilatçısını hamı yaxşı bilir: “Fuadın başını aşağı salmaq bütün Azərbaycanın başını aşağı salmaq deməkdir”.

Toplantıda həmçinin, Rusiyadakı Azərbaycan səfirliyinin, diaspor qurumlarının və Xarici İşlər Nazirliyinin (XİN) fəaliyyəti barədə danışılıb və bu fəaliyyət tədbir iştirakçıları tərəfindən ciddi tənqid olunub.

Tədbirdə F.Abbasovun müdafiəsi məsələləri və bu istiqamətdə bəzi təkliflər müzakirə edilib.

'Səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür''

Azərbaycan səfirliyinin əməkdaşları isə Moskvada saxlanılan Fuad Abbasovla görüşdüklərini bildiriblər. Bu barədə "ONA" saytı xəbər yayıb.

Məlumata görə, Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.

Bildirilir ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, mayın 20-də konsulluq şöbəsinin əməkdaşları onunla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb:

“Böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür”.

Fuad Abbasov Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır və burada fəaliyyət göstərirdi. Onun Rusiyadan deportasiya edilməsini buradakı bir neçə azərbaycanlı icması tələb edib. Bu tələblə məhkəməyə də müraciət ediblər.

Jurnalist Fuad Abbasov bir müddətdi ki, Rusiyada yaşayırdı. Geniş ictimaiyyət onu 2015-ci ildə Türkiyə Rusiya təyyarəsini vuran zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu yalanlamışdı.

Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora əsasən jurnalist F.Abbasov dəvət olunurdu. F.Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib.

Fuad Abbasovun vəkili Elman Paşayevin məlumatına görə, F.Abbasov mayın 16-sı Moskva şәhәrindә saxlanıb. Moskva Şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin (FSB) iddiası əsasında F.Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv edib. Üstəlik, vəkilin sözlərinə görə, jurnalist saxlandıqdan sonra fiziki təzyiqə məruz qalıb və mayın 28-dә Azərbaycana deportasiya oluna bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun