Qiyas İbrahimov: 'Həbsxanaya öyrəşmək olar, həbsxanadakılar da insandırlar...'

Qiyas İbrahimov: 'Həbsxanaya öyrəşmək olar, həbsxanadakılar da insandırlar...'
31 Mart 2019
Mətni dəyiş

Abidənin üzərinə yazdığı yazıya görə 1040 gün azadlıqdan məhrum qalan nidaçı keçmiş siyasi məhbus Qiyas İbrahimov Turan agentliyinə müsahibə verib. 

24 yaşlı Bakı sakini Qiyas İbahimov 2019-cu ilin martında prezidentin əfv fərmanı ilə 50 digər siyasi məhbusla birlikdə azadlığa çıxıb. Mətbuatda bəzən "heykəl məhbusu" da adlandırılan Qiyas Bayram Məmmədovla birlikdə 2016-cı ildə Bakıda Heydər Əliyevin abidəsinə yazdıqları yazıya görə mühakimə olunması ilə məşhurdur.

Qiyas İbrahimov sualları cavablandıraraq bildirib ki, onlar Məmmədovla birlikdə abidəyə gül bayramı əleyhinə şüar yazmağı planlaşdırırdılar və elə həmin gecə, 8 may 2016-cı il tarixində spontan hərəkət ediblər.

Həmin vaxt hakimiyyət Bakıda gül bayramı keçirməkdən imtina etmişdi, amma başqa dekorasiya tədbirləri hazırlanmışdı. İnsanların bu bahalı tədbirləri qəbul etmədiyini görən Məmmədov və İbrahimov qeyri-ənənəvi etiraz aksiyası keçirmək qərarına gəliblər.

"Güllər bizim rejimə qarşı etiraz addımımız üçün yaxşı mənada yalnız bəhanə idi. Bu, bizim fərdi, qeyri-ənənəvi və müxalif etirazımız idi. Şüarımızı mətbuatda dərc edə bilərdik və buna görə bizim başımıza heç nə gəlməzdi, amma özümüzü başqa cür ifadə etmək istədik. Niyə məhz abidə? O, pis sistemin rəmzi idi".

Gənclər 10 il həbsə məhkum edilib

"Əlbəttə, məhkəmədə meydan oxurcasına davranmasaydıq, daha az cəzaya nail ola bilərdik, amma biz susmadığımıza və cəsarətlə fikirlərimizi bildirdiyimizə görə hakim prokurorun istədiyindən daha çox cəza verdi. Biz məhkəmə iclasında hakimiyyətə etirazımızı bildirdik, onlar isə bizə daha uzun cəza müddəti ilə cavab verdilər. İstintaq zamanı da, məhkəmədə də elə davrana bilərdik ki, bizə böyük cəza verməsinlər.

Cəzaçəkmə müəssisəsində işçilərin bizə münasibəti yaxşı deyildi. Əvvəllər xüsusilə ağır idi, məni döydülər və karserə saldılar. Sonradan özümüzü qorumağa çalışırdıq, elə davranmağa çalışırdıq ki, şəraitimiz pisləşməsin. İlk vaxtlar bilavasitə fiziki zorakılıq var idi, sonradan başqa, dolayı təzyiq metodlarına keçdilər. Xırda şeylərə görə ilişirdilər. Cəzaçəkmə müəssisəsində siyasi məhbusa yaxşı münasibət ola bilməz. Orada mühafizəçilər də, bütün insanlar kimi, cürbəcür idilər. Bəzi mühafizəçilər, qanunsuz əmrlərə tabe olsalar da, məhbuslara qarşı çox da qəddar davranmırdılar. Digərləri rəhbərliyin tələbinə öz düşmənçilik münasibətlərini də əlavə edirlər. Digər məhbuslar isə əvvəlcə bizə inanmırdılar, şübhə ilə yanaşırdılar, amma sonradan, bizim haqqımızda həqiqətləri öyrəndikdə məhbusların bizə qarşı münasibəti müsbət oldu, xüsusən, sona doğru. Cəzaçəkmə müəssisəsində özünü elə göstərməlisən ki, sənə hörmət etsinlər. Orada əsasən çox çətinlik çəkmiş insanlar var", deyə İbrahimov bildirib.

"Əfv haqqında azad edilməzdən bir gün əvvəl məlumatım var idi, bu, daha çox əfv siyahısı haqqında şaiyələr idi. Amma azad edilməyim barədə dəqiq məlumat məhz həmin gün gəldi. Azadlıqdan bizə xəbərlər az-az gəlir, informasiya blokadası var. Qohumlarımız görüşlərdə bizə nələrisə deyirdilər, nələrisə gizlədirdilər. Həbsxanada həqiqəti qəzet sətirləri arasında axtarmalı olursan".

Üç illik həbsdən sonra azadlıq haqqında təəssüratlarını soruşduq. "Ölkədə yeni çox şey var və qalan köhnə şeylər də az deyil. Mənə ən maraqlı gələn insanların rejim qarşısında qorxusunun azalmasıdır, ən azından, mənəvi azadlıq və əhalinin siyasiləşməsi. İnsanlar düşündüklərini deməyə başlayıblar və bu, məni sevindirir". Təsadüfən şəhərdə ona işgəncə verən şəxslərlə rastlaşsa, nə edər? "Düşünmürəm ki, onlar əl-qolunu sallayıb küçələrdə gəzərlər. Qarşılaşsam, bilmirəm, spreylə onların üzərinə nə isə yazardım".

Zamanı geri qaytarmaq olsaydı, necə hərəkət edəcəyi haqqında suala cavabda Qiyas deyib: "Bu, mücərrəd cavab tələb edən mücərrəd sualdır. Bilmirəm, bəlkə də sonradan başıma nə gələcəyini bilmədən, eyni cür hərəkət edərdim".

Ümumilikdə gələcək haqqında planları yoxdur, bəzi hədəflərdən başqa: "Gələcəyimi bugünki hadisələr müəyyən edir. Planlarla yaşamıram, plan quranda onlar həyata keçmir".

Yenə başına bəla gələ bilər? "Abidənin üzərində yazı hadisəsini bəla hesab etmək olar. Başıma yenə nə isə gəlsə, bu, düşünülmüş addım, mübarizə olacaq. Elə onda da düşünülmüş hərəkət idi, abidənin yanına sərxoş vəziyyətdə getməmişik ki"...

Qiyas İbrahimov 1040 gün - 2 il 10 ay 1 həftə həbsdə yatıb. Romantik 1040 gün keçirib, "belə ki, bu cür həbs və mühakimə, əlbəttə ki, romantik idi. Həbsxana həyatına öyrəşmək olar, sadəcə olaraq bir qədər iradəli olmaq lazımdır. Mənə çətin oldu, amma yenə də həbsdə yaşamağı öyrəndim", deyə "abidə məhbusu" Qiyas İbrahimov bildirib.

***

Bayram Məmmədov və mübarizə yoldaşı Qiyas İbrahimov 9 may 2016-cı il tarixində, Məmmədovun mərhum prezident Heydər Əliyevin abidəsinə çəkdikləri qraffitinin fotoşəklini facebook-da paylaşmasından sonra saxlanılıblar.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotiklə bağlı ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilib. Polis axtarış zamanı Məmmədovun və İbrahimovun üzərindən səkkiz qrama yaxın heroin aşkar edildiyini iddia edir, amma fəallar narkotikin onların üzərinə qəsdən atıldığını, dindirmə zamanı isə onlara yalnız qraffiti haqqında suallar verildiyini bildirirlər.

Polis dəfələrlə fəalların Heydər Əliyevi təhqir etdiklərinə görə açıq şəkildə üzr istəmələrini tələb edib və imtina cavabı aldıqda onları amansızca döyüb. Vəkilləri deyir ki, dindirilmədən sonra onların hər tərəfi gömgöy idi, dindirilmə zamanı onları zorlamaqla hədələyiblər.

İbrahimov və Məmmədov polis bölməsində tualetləri təmizləmək məcburiyyətində qalıblar, bu, videokamera ilə çəkilib, deyə amnesty.org.ru 2016-cı ilin dekabrında məlumat verib. İki il sonra Qiyasın əvvəlki cəza müddətinə 3 ay əlavə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun