Azərbaycanda insan hüquqlarını müdafiə edən vəkillərə təzyiqlər haqqında bəyanat [video]

Azərbaycanda insan hüquqlarını müdafiə edən vəkillərə təzyiqlər haqqında bəyanat [video]
27 Fevral 2019
Mətni dəyiş

2019-cu il fevralın 19-da Azərbaycanlı vəkil Fuad Ağayev Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsində insan hüquqlarını müdafiə edən vəkillərə təzyiqlər haqqında dinləmələr çərçivəsində çıxış edib.

Vəkil çıxışında bildirib ki, Azərbaycan Vəkillər Kollegiyası son 20 il ərzində pisdən daha pisə doğru yol qət edib və təəsüf ki, bu gün ən pis vəziyyətdədir.

"Peşəkar hüquqşünaslar assosiasiyaları, beynəlxalq standartlarda aydın şəkildə qeyd edildiyi kimi, peşə standartlarına və etikasına riayət olunmasında mühüm rol oynayır. Onlar öz üzvlərini təqiblərdən və qanunsuz məhdudiyyətlərdən və pozuntulardan qoruyur. Onlar ehtiyacı olan hamıya hüquqi xidmətlər göstərir. Və onlar ədalətə və ictimai maraqlara şərait yaratmaq üçün hökumət qurumları və digər təsisatlarla əməkdaşlıq edir".

Fuad Ağayev deyib ki, amma bütün bunlar Azərbaycan Vəkillər Kollegiyasına tam aid deyil, Azərbaycan hökuməti bu qurum vasitəsilə siyasi cəhətdən həssas işlərlə məşğul olan vəkillərə-hüquq müdafiəçilərinə təzyiq göstərir.

"Vəkillərin-hüquq müdafiəçilərinin Vəkillər Kollegiyasına qəbulu və ondan kənarlaşdırılması məsələsində siyasi qərəz var. Nəticədə, yalnız bir ovuc vəkil-hüquq müdafiəçisində məhkəmələrdə azərbaycanlıların hüquqlarını müdafiə etmək imkanı var".

Onun sözlərinə görə, risk ondadır ki, bütün bunlar milli məhkəmələrdə, habelə Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsi ilə işlərdə əməkdaşlıq edən insan hüquqları sahəsində azərbaycanlı vəkillərin tamamilə yox olmasına gətirib çıxaracaq.

"Bununla yanaşı, Azərbaycan Vəkillər Kollegiyası vəkillərin hüquq müdafiəçiləri ilə bağlı işlərdə konfidensiallığı qoruyub saxlamaq vəzifəsinə əməl etməsinə münasibətdə qeyri-ardıcıllıq göstərir", deyə Ağayev bildirib.

Vəkil çıxışında deyib ki, 2018-ci ildə qüvvəyə minmiş yeni qanunvericilik Kollegiyanın üzvü olmayan hüquqşünasların məhkəmədə müvəkkillərinin maraqlarını təmsil etməsini qadağan edib və bu, Azərbaycanda hüquqi yardımın səmərəli və bərabər əlçatanlığına mane olur.

[embed]https://www.youtube.com/watch?v=wiDAFDcjbuA[/embed]

Ötən ilə qədər bir çox insanlar yerli məhkəmələrdə Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar tərəfindən təmsil olunurdu və bu hüquqşünaslar Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə verirdilər.

2018-ci ildə yeni qanunun qəbulu ilə vəziyyət kəskin şəkildə dəyişib və indi ayrı-ayrı şəxsləri məhkəmələrdə yalnız Azərbaycan Vəkillər Assosiasiyasının üzvləri və ya yaxın qohumları təmsil edə bilər.

Vəkillər Kollegiyasına qəbul, xüsusən insan hüquqlarının müdafiəsi ilə məşğul olan məşhur vəkillərə münasibətdə obyektiv meyarlara əsaslanmır.

Bu yaxınlarda "Ənnağı Hacıbəyli və İntiqam Əliyev Azərbaycana qarşı" işində Avropa İnsan Hüquqları Məhkəməsi, Vəkillər Kollegiyasının bu hüquqşünasların vəkillik peşəsinə daxil olmalarından imtina etməsini ifadə azadlığına qanunsuz müdaxilə hesab edib.

Vəkillik haqqında Qanunun 8-ci maddəsinə əsasən, namizəd Vəkillər Kollegiyasına qəbul edilmək üçün yazılı test və şifahi müsahibədən ibarət olan ixtisas imtahanı verməlidir.

2017-ci il dekabrın 7-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin prezident Anar Bağırov başda olmaqla, yeni tərkibi formalaşdırılıb. 2018-ci ilin yanvarında yeni ixtisas imtahanı başlayıb. Əvvəlcə yazılı test keçirilib. Nəticədə 1873 namizəddən cəmi 607-si birinci mərhələni keçib. Namizədlər arasında müxalif əhval-ruhiyyəli, kifayət qədər tanınan və qeyd edilən qanunvericilik dəyişikliklərinə qarşı olan hüquqşünasları birləşdirən "Praktik hüquqşünaslar qrupu"nun 9 üzvü də var idi. Bu qrupun 9 üzvündən 8-i yazılı imtahanı uğurla keçmişdi, bu da, şübhəsiz ki, bu qrupun üzvlərinin peşəkarlıq səviyyəsini göstəricisidir.

İkinci mərhələ şifahi imtahan idi, 607 namizəddən 535-i bu imtahanı uğurla keçib. Amma "Praktik hüquqşünaslar qrupu" üzvlərindən heç kim bu şifahi imtahandan keçə bilməyib!

Son illər Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra işlər üzrə Azərbaycanda vətəndaş fəalları və hüquq müdafiəçiləri ilə bağlı pozuntuları qeyd edib.

Onu göstərək ki, tanınmış müxalif siyasətçiləri, hüquq müdafiəçilərini və müstəqil jurnalistləri müdafiə edən Vəkillər Kollegiyasının üzvləri, xüsusilə müştərilərinin saxlanılma şəraiti ilə bağlı narahatlıqlarını ifadə etdikdən sonra vəzifələrindən kənarlaşdırılıb.

Əlayif Həsənov 2015-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb. O, hüquq müdafiəçisi Leyla Yunusu müdafiə edirdi və həbsxanada ona qarşı fiziki və psixoloji təzyiq olduğunu bildirmişdi. O, Yunusun təhlükəsizliyi ilə bağlı narahatlığını bildirdiyinə görə vəkillidən çıxarılıb və məhkum edilib. Onun şifahi müsahibədən sonra yenidən Vəkillər Kollegiyasına qəbul edilmək hüququ olmasına baxmayaraq, bu barədə müraciətləri nəticəsiz qalıb.

Vəkil Yalçın İmanov 2017-ci ilin noyabrında siyasi məhbus olan müştərisinə qarşı işgəncələr haqqında məlumat verdikdən sonra Vəkillər Kollegiyasından çıxarılıb. Bu, Penitensiar Xidmətin rəisinin şikayətindən sonra baş verib.

"Mən də intizam məsuliyyətinə cəlb olunmuşdum. 2017-ci ilin dekabrında müştərim, məşhur siyasətçi İlqar Məmmədovla Avropa İnsan Hüquqları Məhkəməsindəki işlə bağlı hüquqi mövqeyimizi müzakirə etmək üçün cəzaçəkmə müəssisəsinə getdim. Yalnız bu məsələ ilə bağlı materialalrı, o cümlədən Avropa Məhkəməsindən gələn məktubu götürmüşdüm. Müəssisə əməkdaşları buna səlahiyyətləri olmadığı və mən etiraz etməyimə baxmayaraq, bütün sənədlərə baxdılar. Bununla belə, mən Məmmədovun yeganə müdafiəçisi olaraq qaldığım üçün onların materiallarla tanış olmasına icazə verdim. Sənədlərimi götürdülər və biz işlə bağlı hüquqi mövqeyimiz üzərində lazımi qaydada işləyə bilmədik.

Penitensiar Xidmətə və Vəkillər Kollegiyasına bu cür maneələri aradan qaldırmaq xahişi ilə etdiyim müraciətlər cavabsız qaldı. 2018-ci ilin iyununda Vəkillər Kollegiyasının Rəyasət Heyəti mənim guya 2017-ci ilin dekabrında cəzaçəkmə müəssisəsi rəisini təhqir etməyim və polis əməkdaşlarına təzyiq göstərməyim haqqında Penitensiar Xidmətin məktubuna istinadən mənim barəmdə intizam icraatına başlayıb. Ola bilsin ki, intizam icraatı mən həm də Əli Kərimlinin - Azərbaycanda ən böyük müxalifət partiyasının sədrinin vəkili olduqdan sonra başlaması təsadüf deyil".

Kollegiya üzvlərinin öz vəkil sirrinə münasibəti haqqında

Elçin Qəmbərov, Vəkillər Kollegiyasının üzvü 2017-ci ildə keçmiş müştərisi, hüquq müdafiəçisi Leyla Yunus haqqında yazdığı kitabdan hissələri dərc etdirməyə başlayıb. Kitab onunla Leyla Yunusun söhbərləri və sonuncunun məktubları əsasında yazılıb.

2017-ci ilin dekabrında Qəmbərov öz kitabının təqdimatını keçirib. Vəkillər Kollegiyasının Sədri Anar Bağırov bu tədbirdə iştirak edərək Qəmbərova Yunusu "ifşa etdiyinə" görə təşəkkür etmiş, onun davranışını əsil vəkil davranışı kimi səciyyələndirmiş, kitabda hər hansı vəkil etikası pozuntusunun olmadığını qeyd etmişdir. Qəmbərov Kollegiyadan çıxarılmayıb və töhmət almayıb: o, təriflənib və indi Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

Bu və bir çox digər misallara əsaslanaraq, Azərbaycanda vəkillərin peşə təminatları və toxunulmazlıqlarına və onların müştərilərinin hüquqlarına əməl olunacağını necə gözləyə bilərik?

Nəhayət, bir sıra hüquqşünaslar - hüquq müdafiəçiləri Avropa İnsan Hüquqları Məhkəməsində udduqları işlərlə bağlı təzminatlarının yalnız bir hissəsini alıblar, onlarla iş üzrə ümumiyyətlə təzminat ödənilməyib.

Fuad Ağayev öz çıxışını bir sıra tövsiyələrlə yekunlaşdırıb:

Azərbaycan hakimiyyəti Vəkillər Kollegiyasının müstəqilliyini təmin etməli və Avropa İnsan Hüquqları Məhkəməsinin vəkillərin vacib rolu və Vəkillər Kollegiyasının müstəqilliyi haqqında qərarlarını icra etməlidir.

Beynəlxalq ictimaiyyət hakimiyyətdən insan hüquqları üzrə vəkillər Əsabəli Mustafayev, İntiqam Əliyev və Ənnağı Hacıbəylinin səfər qadağalarını ləğv etməsini tələb etməlidir. Avropa İttifaqı və Avropa Şurası Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə əməkdaşlığa son qoymalı və ya dayandırmalıdır, belə ki, bununla onlar Kollegiyanın rəhbərliyinə dəstək verirlər. Vəkillik müstəqil fəaliyyət göstərənə qədər onlar yalnız ayrı-ayrı vəkillərlə əməkdaşlıq etməlidirlər, deyə Ağayev qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun