'Mehman 33 gündən sonra azadlığa çıxacağı günü səbirsizliklə gözləyir'

'Mehman 33 gündən sonra azadlığa çıxacağı günü səbirsizliklə gözləyir'
31 Yanvar 2019
Mətni dəyiş

Bloger Mehman Hüseynovun ailə üzvləri yanvarın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasında ona baş çəkib.

Bu, Mehmana qarşı yeni cinayət işinə xitam verildikdən sonra yaxınlarının ilk ziyarətidir.

Mehman Hüseynovun qardaşı, siyasi mühacirətdə olan Emin Hüseynov Turan agentliyinə bildirib ki, uzun aclıqdan sonra Mehmanın səhhəti stabilləşib, ancaq 20 kiloqram arıqlayıb.

Qardaşının sözlərinə görə, Mehman evdən gətirilən yeməklərdən imtina edib, çünki bərpaedici pəhrizdədir, ancaq maye süd məhsulları və meyvə şirəsi qəbul edir.

"Vəkiləri ilə görüşə, yaxınları ilə telefon əlaqəsinə imkan verilmir"

"Mehman 33 gündən sonra azadlığa çıxacağı günü səbirsizliklə gözləyir. Azadlığa çıxdıqdan sonra ilk işi səhhətini tam bərpa etmək və sonra gündəlik işinə başlamaqdır", - qardaşı qeyd edib.

Bununla yanaşı o deyib ki, yeni cinayət işi bağlandıqdan sonra Mehmanın yanına vəkilləri buraxılmayıb, doğmaları ilə telefon danışıqları məhdudlaşdırılıb.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

2018-ci il avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciəti təmin edilməyib. Məhkəmənin qərarını Apellyasiya Məhkəməsi də hakim Elşad Şamayevin sədrliyi ilə qüvvədə saxlayıb.

​Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

Hüseynova qarşı dekabrın 26-da yeni cinayət işi başlanıb. Bu dəfə o, Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirməkdə ittiham edilib. Bloger etiraz olaraq aclıq aksiyası keçirib və onun aclıq aksiyasına geniş ictimai dəstək olub.

Nəhayət yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun