Hakimiyyət aztirajlı qəzetlərin maliyyələşdirilməsini dayandırır

Hakimiyyət aztirajlı qəzetlərin maliyyələşdirilməsini dayandırır
31 Yanvar 2019
Mətni dəyiş

 KİV-ə Dövlət Dəstəyi Fondunda keçirilən iclasda xeyli sayda qəzetin maliyyələşdirilməsinin azaldılacağı elan edilib.

Fondun rəhbəri Vüqar Səfərli işarə edib ki, İnternet dövründə qəzet çapının maliyyələşdirilməsinin mənası yoxdur.

Bununla əlaqədar KİV-in maliyyələşdirilməsi üzrə müsabiqənin qaydalarına dəyişikliklər edilir. Belə ki, bundan sonra son 3 ildə müntəzəm nəşr edilən, ən azı 16 səhifəlik formata (A3) malik, ən azı 5 min tirajı olan və 2 min nüsxədən az satılmayan qəzetlərə maliyyə dəstəyi göstərilə bilər.

Xarici dillərdə nəşr edilən qəzetlərin tirajı ən azı 3 min olmalıdır və tirajın yarısı satılmalıdır.

V.Səfərli həmin göstəricilərə uyğun olmayan qəzet adı və say açıqlamayıb. Lakin sosial şəbəkələrdə tezliklə bağlanacağı ehtimal edilən təxminən 20 qəzetin siyahısı yayılıb. Bunlar "Şərq", "Ədalət", "Unikal", "Palitra", "Paralel", "Azad Azərbaycan", "Hürriyyət", "Reytinq", "Olaylar", "Bizim yol", "Üç nöqtə", "Mövqe" və başqalarıdır.

Görünür, hakimiyyətin himayəsində olan "Səs", "Yeni Azərbaycan", "Yeni Müsavat", "İki sahil", "Kaspi", "Bakı xəbər", "Novoye vremya", "525" qəzetləri qalacaq.

Hələlik bununla bağlı rəsmi təsdiq və ya hər hansı şərh yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun