Gömrükdə həbslər davam edir

Gömrükdə həbslər davam edir
14 Yanvar 2019
Mətni dəyiş

Azərbaycan Dövlət Gömrük Komitəsi-nin (DGK) daha iki əməkdaşı həbs edilib.

Bununla bağlı yanvarın 12-də Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar.

Birgə açıqlamada vurğulanır ki, "Camex" daşıma şirkəti vasitəsilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan gömrük sərhədindən düzgün bəyan edilməməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat daxil olub: “Məlumata əsasən həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkarlanaraq götürülüb”

Məlumatda qeyd edilir ki, ilkin araşdırmalar nəticəsində cinayət işi açılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. İşdə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri yer alır. Habelə, 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə çinayət işi açılıb.

Birgə açıqlamada qeyd edilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayev və postun rəis müavini Rəşad Rzayevə

Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci (rüşvət təkrar alındıqda), 311.3.3-cü maddələri ilə ittiham elan olunub. Onlar barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.İttihamlar məhkəmədə təsdiq olunarsa onlara səkkiz ildən on iki ilədək həbs cəzası verilə bilər. Bu açıqlamaya, hələlik, həbs edilən şəxslərin özlərindən və ya vəkillərindən münasibət almaq mümkün olmayıb. Onların ittihamlarla razılaşıb-razılaşmadıqları açıqlanmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun