Rəssam hərracın gedişində qiyməti milyon dolları ötən əsərini məhv edib

Rəssam hərracın gedişində qiyməti milyon dolları ötən əsərini məhv edib
7 Oktyabr 2018
Mətni dəyiş

Britaniyalı küçə rəssamı Benksinin “Qız və şar” əsəri Londonun “Sotheby's” satış evində müəllifin özü tərəfindən məhv edilib. Hərracın təşkilatçıları və iştirakçıları bu prosesi heyrətlə izləyiblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qiyməti 860 min funt-sterlinqə (1,1 milyon dollar) çatan rəsm əsəri çəkicin son zərbəsindən sonra “öz-özünü məhv etməyə” başlayıb. Belə ki, rəssam çərçivənin aşağı hissəsində kağızı xırdalamaq üçün mexanizm gizlədib və o, hərrac zamanı işə düşüb.

Yaradıcılığında sosial bərabərsizlik və hökumətin ikiüzlülüyü məsələlərini işıqlandıran Benksinin əsərləri böyük populyarlıq qazanıb. Rəssam indiyədək öz şəxsiyyətini gizli saxlamağa nail olub – onun zahiri görünüşü və əsl adı yaxınlarından başqa heç kimə məlum deyil. 2010-cu ildə Benksinin ictimaiyyətə təqdim etdiyi “Suvenir dükanından çıxış” sənədli filmi “Oskar” mükafatına namizəd olub.

Trafaretin köməyi ilə çəkilən “Qız və şar” qraffiti əsəri Benksinin ən məşhur rəsmlərindən biridir. Orada havaya qırmızı şar uçuran qız uşağı təsvir olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun