Jurnalist: "Başıma sellofan torba keçirib..."

Jurnalist: "Başıma sellofan torba keçirib..."
30 Oktyabr 2018
Mətni dəyiş

"Oktyabrın 26-sı işdən çıxıb evə gedərkən yolda yanımda bir avtomobil dayandı, avtomobildə iki nəfər mülkigeyimli şəxs var idi. Bir nəfər avtomobildən düşərək üstümə cumub, onu söydüyümü iddia edərək təkidlə maşına oturmağımı tələb etdi...".

Bunu dünən oktyabrın 29-u gecə saatlarında "Kanal-13" internet televiziyasının əməkdaşı İsmayıl İslamoğlu videomüraciətində bildirib.

Azadlıq Radiosunun məlumatına görə, iş yoldaşları, hüquq müdafiəçiləri onun oktyabrın 26-dan yerinin müəyyən edilmədiyi deyirdilər. İ.İslamoğlu bu müddətdə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) və 28 saylı Polis Bölməsində saxlandığını söyləyib. O iddia edib ki, saxlandığı müddətdə təhqirlə, hədə ilə üzləşib, fiziki müdaxiləyə məruz qalıb.

"Kanal-13" internet televiziyasının əməkdaşı vurğulayıb ki, hədələndiyindən bu barədə açıqlama vermək istəməyib. Ancaq İ.İslamoğlunun sözlərinə görə, sosial şəbəkələrdə bəzi insanlar onu "şou" göstərməkdə və yalandan gizlənməkdə ittiham etdiyindən açıqlama vermək məcburiyyətində qalıb.

Polisdə yazdığı statuslarla bağlı tənbeh edildiyini söyləyən İ.İslamoğlu onu "şou" düzəltməkdə ittiham edənlərə xitabən, "elə hakimiyyətin də istəyi gəncləri belə gözdən salmaqdır" deyib.

O, daha sonra da əlavə edib: "Kifayət qədər aşağılamalara məruz qalmışam, içində mandarin olan sellofanı boşladıb başıma keçiriblər. Bilərəkdən otağın gün düşən tərəfində otuzduraraq, pəncərənı açıb güzgünü elə qoyublar ki, gün gözümə düşüb, durmağa qoymayıblar. Yaxud saatlarla ayaq üstə saxlayıb oturmağa qoymayıblar. Aşağılayıcı ifadələr işlənib, qida və maye verilməyib, yaxınlarım ilə təhdid edilmişəm".

Onun bu açıqlamasına, hələlik, Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Ancaq, bir qayda olaraq, bu qurumlar saxlanan şəxslərin təhdid və işgəncələrə məruz qalması ilə bağlı şikayətləri yalanlayırlar.

Xatırlatma

Yerli mediada yer alan məlumatlara görə, İ.İslamoğlu bundan öncə də polisə çağırılaraq xəbərdarlıq edilib. Onun bu il iyulun 27-də Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı, 3 saatadək saxlanıldıqdan sonra buraxıldığı bildirilirdi. Onda İ.İslamoğlunun "Jara" musiqi festivalına dair sosial şəbəkədə yazdığı tənqidi status ilə bağlı xəbərdarlıq aldığı vurğulanırdı. Ancaq həmin vaxt da bu məsələyə sözügedən idarə və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmamışdı.

"Jara" musiqi festivalı prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun təşəbbüsüylə keçirilir. O vaxt Rusiya estradasının ulduzlarından Zara Mqoyanın həmin festivala qatılmaqdan ötrü Bakıya gəlişi bəzi sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun