Kitab oxuma tələbatı

Kitab oxuma tələbatı
19 Avqust 2018
Mətni dəyiş

Məhəmməd Talıblı

Müdriklərdən biri övladlarının mənəvi kimliklərini və niyyətlərini öyrənmək üçün onları böyük bir şəhərə göndərir. Üç oğulun hər biri eyni vaxtda, lakin biri-birindən xəbərsiz və ayrı-ayrılıqda həmin şəhərləri gəzib geri qayıdırlar. Ata oğlanlarının səfər təəsuratlarını öyrənmək üçün onları cəm edib harada olduqları, həmin şəhər əhalisinin təqdirolunası keyfiyyətlərini və görməli yerlərini soruşur.

Böyük oğul deyir ki, şəhərdə çox qədim abidələr, tarixi əks etdirən müzeylər, heykəltaraşlıq nümunələri ilə zəngin idi. Mənim bəyəndiyim bu şəhərin tarixliyini özündə əks etdirən keçmişinə bağlılığı və tarix yaddaşının güclü olması idi.

Ortancıl oğul bu şəhər əhalisinin əsasən dinə müsbət münasibəti, oradakı məscidlərin və digər dini yaşadan ənənələrin möhkəm kök salmasını deyir.

Kiçik oğul isə bu şəhərdə daha çox gecə klublarının çoxluğunu və restoranların aşıb-daşan müştərilərinin olmasını söyləyir.

Onları böyük səbrlə dinləyən müdrik ata bununla da müəyyənləşdirmiş olur ki, hər üç oğulun təəsuratlar bir şəhərin spektrini müəyyənləşdirmir, daha çox onun övladlarının niyyətlərini, dünyagörüş ehtiyaclarını və nəyə maraq göstərdiklərini ifadə edir. İbrətamiz bu əhvalatda doğrudan da böyük məna yatır.

Üç ay bundan öncə Türkiyədə olarkən bir neçə şəhərlərdə – Ankara, İstanbul və Eskişeherdə iri kitab satış şəbəkələrini almaq istədiyim siyahı üzrə gəzdim. Çoxsayda müəlliflərin kitabları ilə tanış olmağıma baxmayaraq, kitab almaq çətinliyi yaşadım. Həm çoxsaylı müəlliflər sırasına yeniləri əlavə olunmur, həm də kitabxanaların sayı da artır. Qardaş ölkədə kitabxanaların sayı, görəsən, yetərlidirmi?

Bu yaxınlarda Türkiyədə kitabxanaların sayını və oxucu nisbətinə dair vəziyyəti xarakteriza edən hesabata rast gəldim. Sən demə qardaş Türkiyədə ictimai təyinatı olan 1146 kütləvi kitabxana, burada isə da üst-üstə 20 milyon ədəd kitab var imiş. Bu o deməkdir ki, 81 milyon əhalisi olan qardaş ölkədə 71 min vətəndaşa 1 kitabxana, hər 4 vətəndaşa isə 1 kitab düşür. On il bundan əvvəlki ilin (2007) göstəricilərinə görə, Türkiyə kitabxanalarında 13 milyon kitab var idi. Deməli, bu illər ərzində 7 milyon ədəd və ya 50 faiz civarında kitab ehtiyatı yaranıb. Burası çox yaxşıdır.

Lakin həmin ilin göstəricilərinə görə Türkiyədə olan kitab sayını Avropanın digər ölkələri ilə müqayisə edəndə yaxşı olmayan mənzərə yaranır. Məsələn, Bolqarıstanda isə 46 milyon, Almaniyada 104 milyon, Fransada 16 milyon kitab mövcud idi. Rusiyada bu göstərici 739 milyon, İngiltərədə 35 milyon, İranda 7 milyon kitab təşkil edirdi.

Kitab oxumaq üçün kitabxanaların və kitabların olması, necə yetərlidirmi? Müqayisə aparmaq üçün 5 il bundan öncə Türkiyədə kitab oxuyanlarla bağlı bir araşdırmanı xatırladım. Sən demə qardaş ölkədə kitab oxuyanların sayı, dünya ölkələri ilə müqayisədə çox aşağı səviyyədə imiş. Araşdırma nəticəsinə görə, Türkiyədə ehtiyaclar pilləsində kitab 235-ci yeri tuturdu. Araşdırmada həmçinin digər ölkələrlə müqayisələr də aparılıb.

Yaponların 14, amerikanların 12, ingilislərin 21 faizi davamlı olaraq kitab oxuyurlar. Türkiyədə isə 1000-də bir nəfər kitab oxuyur. Bir yapon ildə orta hesabla 25, isveçrəli 10, fransız 7 kitab oxuyur. Deməli, bir türk isə 10 ildə cəmi bir kitab oxuyurmuş.

Sadəcə araşdırmaya Azərbaycan daxil edilmədiyi üçün ölkəmizlə bağlı durumun nədən ibarət olmasını təhlil edə bilmədim. Lakin, bu qədər oxucu marağı və kitabxanaları çox olan Türkiyədən öndə olduğumuzu təsəvvürü edə bilmirəm. Çünki, ölkəmizdə çox sanballı müəlliflərin çap etdirdikləri kitabların sayına diqqət etsək, onları 500-ü keçmədiyini açıq görmək olmur. Satış sayı 500 ədəd olan kitabların isə neçə ilə çətinliklə satıldığını da müşahidə edirəm. Satışa çıxarılan kitabların alış səviyyəsindən, kitab təqdimatlarına gələn oxucu sayından, naşirlərin söylədiklərindən və digər çoxsaylı müşahidələrdən bunu bilirəm.

Bütün bunlara görə, Azərbaycanda vəziyyətin Türkiyədən yaxşı olduğunu söyləməkdə çətinlik çəkirəm. Çünki, çayxanaların sayının həndəsi silsilə ilə, kitabxanaların sayını isə ədədi silsilə ilə artdığını da görürük. Təbii ki, çayxanalar pis yer deyil. Mən də dostlarım və həmkarlarımla çox zaman görüş yeri əksər kimi çayxanaları seçirəm. Demək olar ki, bütün təbəqələrin görüş imkanı baxımından ən əlçatan yer çayxanalar hesab olunur. Dərdləşdiyi və dərdləşməyə imkanı olduğu yerdir.

Bəzi bölgələrdə bunu da xalqa çox görüblər. Əslində bilirik ki, çay bəhanə, görüş şəhanı şeydir. Dərdləşmə yeri olan çayxanalarda danışanların düşünmə mənbəyi də olmalıdır, ya yox? O mənbəni kitablar və kitabxanalar verir. Çayxanaların möhtəşəmliyi kitabxanaları görünməz edirsə, bu zaman düşünməyə dəyər. Adambaşına düşən çayxanaların sayı, kitabxanalardan çoxdursa, bu sabahımızın necəliyi təsəvvürünün mesajını indidən bizə verilir. Narahatedici mənzərə çayxanaların çoxluğunda da deyil (tələb təklifi doğrur), kitabxanaların onun kölgəsində qalmasındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun