Görürsünüz necə gülünc görünürük?

Görürsünüz necə gülünc görünürük?
11 Avqust 2018
Mətni dəyiş

Qurban Məmmədli

Təsəvvür edin, bu dahilər azərbaycanlı olsaydılar nə edərdilər? Bu absurdu təsəvvür etməyə çalışaq.

Balzak oğlan övladı olmadığına görə həyat yoldaşını boşayır. Tolstoy deyərdi: "Qadın yaxşı olsaydı, qadından peyğəmbər olardı". Dostoyevski həyat yoldaşını döyüb atasının evinə yollayardı. Turgenev həyat yoldaşına deyərdi: "Qadının öz yeri var, kişinin öz yeri". Çexov deyərdi: "Az, arvad, “Üç bacı” dolması bişir, yeyək." Sartr deyərdi: "Ürəyimi bulandırma, kişi də kunilinqus edər?". Kamyu deyərdi: "Ev işi kişi üçün yaddır". Bernard Şou deyərdi: "Həm Nobel almışam, həm Oskar almışam. Mən evdə nə deyəcəm o da qanun olacaq. Özü də yazılmamış qanun." Jan Jak Russo Uill Durantla içəridə görüşəndə deyərdi: "Sözümə baxmadı deyə arvada yortdum və içəri düşdüm." Freyd deyərdi ki; "yazdıqlarım bir kənara, qadının yeri mətbəxdir" və sairə...

Görürsünüz necə gülünc görünürük? Əslində sıranı çoxaltmaq da olardı. Bu dahilər niyə dahidir? Çünki adamlar başları məişət söhbətlərinə deyil, daha bəşəri problemlər qarışdığına görə və çözüm yolu tapdıqların görə dahidirlər. Bizim “dahilər” isə Rəşid Mahmudov kimi deyəcək ki, "qadının yeri mətbəxdir", ya da bəzi intellektual gənclər kimi 12 yaşlı qızın zorakılığına qarşı çıxıb, öz həyat yoldaşının hamilə bilmədən döyməsidir. Düşünün, bu insandan dünyaya gələn qız gələcəkdə o zorakılığa məruz qalmış 12 yaşlı qızdan nə fərqi olacaq? Heç bir! Sadəcə atası vizual olaraq intellektual olsa da, içindəki o patriarxallıq yaşamaqdadır.

Turgenevin dediyi "xələflər və sələflər" arasında ciddi fərq yoxdur. Əvvəl necə idisə, indi də o cürdür. Mirzə Fətəlilərin, Mirzə Cəlillərin dedikləri o personajlar təəsüflər olsun ki, onların fikirlərini sözdə təsdiqləyən insanlardan da çıxır. Cəmiyyət yuxarıdakıların istədiyindən də artıq deqradasiyaya uğramasından o tərəfə çıxıb. Təəsüf! Aramızdakı insanların çürük olduğunu görə bilməmişik.

"Orta Statistik İnsan"  kimi tanıdığımız Cəmşid Rzaquliyev bizim bu bəzi dırnaqarası liberallar haqqında bunu deyirdi. "Özlərini sapioseksuallar adlandıran bizim o bəzi içiboş liberallarımız əslində sapıkseksuallardır". Cəmşid həmişə bu sözü deyərək şikayətlənərdi: "Məni çıxdaş etməyin". Əslində o deyil də, hamilə bir xanımına əl qaldıran çıxdaş olub ölməli idi. Bu da həyatın ironiyasıdır, Cəmşid aramızda daha yoxdur. Mənəviyyatı zəngin olanlar maddi olaraq aramızda deyillər. Əksinə, mənəviyyatsız və cılız varlıqlar çox yaşayırlar. Məsələn: elə bizim bu arsız məmurlar kimi onlar da lazımlı insanların yerini tuturlar və onların udmalı olduqları havanı tükədirlər. Cəmşid həm də atasını heç sevməzdi. Həmişə xatırlayanda atası nifrətlə anardı. Bilirsiniz niyə? Çünki atası uşaqlığında anasını çox döymüşdü və bu gözəl insan Qarabağda dörd il can qoysa da, qəlpə yarası alsa da, bu cür məişət söhbətlərindən ibarət olan Azərbaycandan və Azərbaycanlı olmasında nutanardı.

Azərbaycan qızı və ya qadını nə qədər gözəl xasiyyətli, xoş simalı və təbii olmasına baxmayaraq, bir o qədər dırnaqarası kişilər tərəfindən əzilir. Çoxunuzun bəyənmədiyi İranda (burada İran molla rejiminin tərəfini saxlamağı işarə etmirəm) bineyi-qədimdən qadın haqları kişilərdən yüksəkdə olub. 4 ay İranda olanda ciddi formada qadınlarımızı daha da sevdim. Bizdə isə qadın bütün ev işlərini görər, minnət etməz, həyat yoldaşını səhər işə yolar salar, axşam narahat olub zəng edər, qarşılayar, onunla maraqlanar, özünə az vaxt ayırar və çox vaxt şikayətlənərik ki; "bu qadınlar niyə bu qədər bəzənir?" və üstəlik onlara da əl qaldırarıq. Sizcə, bu böyük haqsızlıq olmadı? Bəylər, qadınlarımızı söz olaraq deyil, həqiqətən onları sevməyi bacaraq. Çünki femininlik sevginin rəmzi olaraq deyil, məhz sevginin təzahürüdür. Yoxsa kobud maskulinlik nə bilir sevgi nədir, sevmək nədir və ən nəhayət insan olmaq nədir?

Buradan anamı çox sevdiyimi demək istəyirəm və nə yaxşı ki, bu həyatda qadınlıq anlayışı var. Sonluğu Hüqonun bu fikriylə tamamlamaq istərdim. "Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur."

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun