Pozitiv nəticələr əldə etmək mümkündü- Vaqif Hacıbəyli

Pozitiv nəticələr əldə etmək mümkündü- Vaqif Hacıbəyli
7 İyul 2018
Mətni dəyiş

Ölkədə son günlər baş verən ciddi olaylarla bağlı artan ictimai fəallıq özünün ilkin nəticələrini verməkdədi.

Enerji böhranı ilə bağlı iqtidar mənsublarına konkret suallar ünvanlamışdıq. Bu hadisə ilə bağlı keçirilən müşavirədə həmin sualların bir qisminə cavab ala bildik. Başlıcası isə son 25 il ərzində ilk dəfə məlum oldu ki, ölkədə baş verən böhranda 25 il əvvəl hakimiyyətdə olan “AXC – Musavat” cütlüyü” deyil, bu iqtidarın təmsilçiləri günahkarmış. İlham Əliyevin aşıq şəkildə nazirlərin yalanlarını ifşa etməsi, yaxud milyardlarla vəsaitin təyinatı üzrə xərclənmədiyi faktını dolayıdı ilə də olsa etiraf etməsi halını da mən ilk dəfə müşahidə etdim. Hər halda həmin müşavirədə söylənilən bir çox fikirlər və qəbul edilən qərarlar ictimaiyyət tərəfindən mənfi qarşılanmayıb. Bir toplum olaraq bunu həm də öz pozitivimizə yazmalıyıq. Mən son günlər iqtidar mətbuatını təmsil edən bəzi yazarların da kifayət qədər sərt dildə bəzi həqiqətləri dilə gətirdiklərini müşahidə etdim. Bunlar çox vacib və əhəmiyyətli tendensiyalardı. Deməli, elliklə bir problemin üzərinə getdikdə müəyyən pozitiv nəticələr əldə etmək mümkündü.

Elmar Vəliyevi güllələyən şəxsin polis idarəsində döyülərək öldürüldüyü barədə çoxlu məlumatlar yayılırdı. İndi həmin şəxs özü deyir ki,mənə təzyiq olmayıb. Yalan deyir. Gözünün üstündə olan xəsarət yeri də sübut edir ki, ona ciddi təzyiq olub. Amma adam özü deyirsə ki,onun vəkili var və problemi yoxdur, bu artıq başqa situasiyadır. Vaxtılə Qumda təhsil alıb gələn həmin şəxsin üzərində çox da fokuslanmayın. Kimin indəyədək nə deməsindən və indidən sonra nə deyəcəyindən asılı olmayaraq həmin adam bütün mənalarda bizim qəhrəmanımız deyil. Bununla bərabər,ictimaiyyətin tələbindən sonra onun televiziyada göstərilməsi və sözlərini deməsi özü pozitiv haldı və bu da ictimai fəallığın digər bir nəticəsidi.

Artan ictimai fəallığı düzgün istiqamətə yönəltmək, ölkədə baş verən qanun pozuntularına, korrupsiya hallarına diqqəti artırmaq lazımdı. Son hadisələr bir daha göstərdi ki, sosial şəbəkələr güclü silahdı. Biz bu silahdan ağılla istifadə etsək, əl-ələ verib bütün sağlam qüvvələrin birliyinə nail olsaq ölkədə ictimai şüuru pozitiv istiqamətə dəyişə bilərik. Ölkədə hər hansı bir pozitiv dəyişikliyə nail olmaq üçün isə ilk növbədə ictimai şüurda pozitiv dəyişikliklərə nail olmaq zəruridir.J

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun