'Əliyev rejimin zülm və istibdadının hüdudları yoxdur'

'Əliyev rejimin zülm və istibdadının hüdudları yoxdur'
14 İyul 2018
Mətni dəyiş

"Bu şəkilə diqqətlə baxın. Xərəkdə məhkəmə zalına gətirilib 15 il azadlıqdan məhrum edilən Əbülfəz Bünyatovdur. 2015-ci ilin noyabrında DİN-in əməliyyat qrupu onun evinə hücum etmişdi. Orada ibadət edən dinc insanlar gülləyə tutulmuşdu. Sərsəm bir ssenari əsasında həyata keçirilən əməliyyat zamanı ikisi polis olmaqla 5 nəfər həlak olmuşdu".

Bu sözləri Milli Şuranın sədri Cəmil Həsənli sosial şəbəkədə yazıb. O, xərəkdə məhkəməyə gətirilən və barəsində 15 il azadlıqdan məhrum edilmə qərarı çıxarılan siyasi məhbusun məsələsinə diqqət çəkir.

Cəmil Həsənli yazır ki, həyatını itirən 6-cı nəfəri isə əməliyyat zamanı həbs olunub mebel maşınında polis idarəsinə gətirən zaman döyüb öldürmüşdülər. Mebel maşınında vəhşicəsinə döyülüb öldürülən şəxs Əbülfəz Bünyatovun yaxın qohumu Fərahim Bünyatov idi.

"Əbülfəz özü onurğa sütunundan güllə yarası alıb ömürlük şikəst edilib. Onun bədəninin yarıdan çoxu iflic olub, sərbəst hərəkət imkanların itirib, adamı əlil ediblər. Bunlar azmış kimi şikəst etdikləri adamı xərəkdə məhkəməyə gətirib ona 15 il iş oxuyublar. Bu 15 ilin 3 ilini yataq xəstəsi Qobustan qapalı həbsxanasında çəkməlidir".

Cəmil Həsənli deyir ki, hakim zala daxil olanda ayağa qalxmağa fiziki imkanı olmayan, oxunan hökmü xərəkdə uzanmış formada dinləyən şikəst etdikləri şəxsə 15 il cəza kəsilib.

"Əliyev rejimin zülm və istibdadının hüdudları yoxdur. Sonra da deyirlər ki, xalq bunlara niyə nifrət püskürür? İnsanlarda hakimiyyətə qarşı kükrəyən bu qəzəb haradandır?"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun