Milli Məclis büdcə dəyişikliklərini qəbul etdi

Milli Məclis büdcə dəyişikliklərini qəbul etdi
29 İyun 2018
Mətni dəyiş

İyunun 29-da Milli Məclisin növbədənkənar iclasında 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər müzakirə olunaraq təsdiqlənib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22,11 mlrd. manat, xərcləri isə 23,061 mlrd. manat məbləğində nəzərdə tutulur.

O qeyd edib ki, büdcənin gəlirlər hissəsi Ümumi Daxili Məhsulun (ÜDM) 29,6 faizini təşkil etməklə 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1,983 mlrd. manat və yaxud 9,9 faiz çoxdur.

O vurğulayıb ki, bu 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 5 593,3 mln. manat və yaxud 33,9 faiz artıqdır.

"Yenidən baxılma ilə dövlət büdcəsinin xərclərinin 2,014 mlrd. manat artırılması nəzərdə tutulur. Bu da təsdiq olunmuş proqnoza əsasən, 9,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 466,5 mln. manat və yaxud 31,1 faiz çoxdur...2018-ci ilin yenidən baxılan dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 mln. manat artırılaraq 951 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bu isə cari ilin sonuna gözlənilən ÜDM-nin 1,3 faizinə bərabər olacaq. Kəsirin bu artımı dövlət büdcəsinin 2018-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığına əsasən örtüləcək".

Nazir qeyd edib ki, bu ilin beş ayında neftin orta qiyməti 71,1 dollar/barel olub, hazırda 78 dollar/bareldən çoxdur.

2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatından ötrü xam neftin 1 barrelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılması nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun