İsrail "erməni soyqırımı" məsələsinin müzakirəsini təxirə salıb

İsrail "erməni soyqırımı" məsələsinin müzakirəsini təxirə salıb
3 İyun 2018
Mətni dəyiş

İsrailin baş naziri Benjamin Netanyahu ermənilərin Osmanlı imperiyası dövründə “soyqırımına” məruz qalması ilə bağlı qanun layihəsinin müzakirəsini gündəlikdən çıxarıb.

AzadlıqRadiosunda olan məlumata görə, İsrailin xarici işlər nazirliyi iyunun 3-də bəyan edib ki, Netanyahu məsələnin müzakirəsini Türkiyədə keçiriləcək seçkilərədən sonraya saxlamaq qərarına gəlib.

Məlumata görə, İsraildə belə bir narahatlıq var ki, məsələnin indi müzakirəyə çıxarılması, seçki kampaniyası zamanı Türkiyə prezidenti Racep Tayyip Erdoganın xeyrinə işləyə bilər.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Ermənistan Osmanlı imperiyası dövründə Türkiyədə 1,5 milyon erməninin “soyqırımına” məruz qaldığını iddia edir.

Türkiyə isə ittihamı qəti şəkildə rədd edir.

Rəsmi Ankara dəfələrlə bəyan edib ki, birincisi bu rəqəm qat-qat şişirdilib, ikincisi isə həmin dövürdə baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli itki olub.

Qeyd edək ki, Fransa ilə Almaniya da daxil olmaqla indiyədək 20-dən çox ölkə həmin dövrdəki “erməni qırğınını”, “soyqırım” kimi tanıyıb.

Ötən ay İsraillə fələstinlilər arasında başlayan toqquşmalardan sonra yenidən Türkiyə-İsrail münasibətlərində gərginlik yaranıb.

Erdogan İsraili “terroçu dövlət” adlandırıb və onun fələstinlilərlə davranışını, Nasist Almaniyası-nın yəhudilərə olan münasibətilə eyniləşdirib.

Netanyahu isə Erdoganı Türkiyə və Suriyadakı kürdlərin “qətlində” günahlandırıb.

Tərəflər qarşılıqlı şəkildə səfirlərini geri çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun