Həbsdəki REAL-çılara ailələri ilə görüşə icazə verilib

Həbsdəki REAL-çılara ailələri ilə görüşə icazə verilib
7 İyun 2018
Mətni dəyiş

REAL Partiyasının həbsdəki üzvlərinə ailələri ilə görüşə icazə verilib.

Bu haqda AzadlıqRadiosuna partiyanın cəza alan təmsilçilərindən Azər Qasımlının xanımı Samirə Qasımlı məlumat verib. O, bildirir ki, mayın 29-dan, yəni, Azər Qasımlı saxlanan gündən onunla nə görüşə, nə də telefon əlaqəsi qurmağa icazə verilib:

“İyunun 4-də apellyasiya məhkəməsində 1-2 dəqiqəlik görmək imkanımız olmuşdu. Görüşə icazə verilmirdi. Bu gün dostlar zəng etdi ki, “Cümhuriyyət məhbuslarına” ailələri ilə görüşə icazə verirlər. İnanmasam da, getdim. Görüş otaqlarının hələ də təmir edildiyini bildirdilər. Təcridxanada 5 dəqiqəlik ayaq üstdə qapının ağzında görüşdük. Polis də yanımızda dayanmışdı. Azər dedi ki, hər şey yaxşıdır. Başverənləri isə rişxəndlə qarşıladığını dedi. Əhvalı yaxşıdır, gümrahdır.”

Samirə Qasımlı bundan öncə də bir neçə dəfə Azər Qasımlı ilə görüşə cəhd etsə də, təcridxanadan ona görüş otaqlarının məşğul olduğunu, orada təmir getdiyini deyiblər.

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü A.Qasımlıya 30 sutka həbs cəzası verilib. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi.

Mayın 30-da REAL Partiyası Ali Məclisi üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.

REAL Partiyasının fəallarının hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.

Baş verənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun