AŞPA siyasi məhbus problemi ilə bağlı hakimiyyətə mesaj göndərir

AŞPA siyasi məhbus problemi ilə bağlı hakimiyyətə mesaj göndərir Foto: sosial media
13 İyun 2018
Mətni dəyiş

AŞPA Azərbaycana siyasi məhbus üzrə məruzəçi təyin edib.

Bu, onu göstərir ki, siyasi məhbus problemi və azadlıqlar diqqət mərkəzinə alınacaq. Amma Azərbaycan hakimiyyəti siyasətini dəyişmək fikrində deyil. Son olaylardan sonra belə nəticə çıxarmaq mümkündür. Çünki siyasi məhbus problemini nəinki həll etmək arzusunda olduğu görünmür, hətta bu məsələnin daha da qabarması üçün həbsləri davam etdirir. Bütün bu baş verənlərlə bağlı təhsil məqsədilə xeyli müddətdir ki, Azərbaycandan kənarda olan hüquq müdafiəçisi Rəsul Cəfərovla Turan agentliyi söhbətləşdi.

***

- Rəsul bəy, artıq xeyli müddətdir ölkədən kənardasınız. Ölkədə baş verən siyasi proseslər kənardan və ya kənardakılar, görüşdüyünüz şəxslər tərəfindən necə görünür?

- Kənardan hər şey tam aydın şəkildə görünür və bu görüntü hamı üçün, yəni hüquq- müdafiə təşkilatları, Avropada təhsil alan və işləyən azərbaycanlı gənclər, ölkəmizlə maraqlanan əcnəbilər üçün eynidir. Bu da ondan ibarətdir ki, ölkədə siyasi sistem qapalıdır, Konstitusiyaya və beynəlxalq öhdəliklərə zidd olaraq azad və ədalətli seçkilər təmin edilmir, siyasi motivli həbslərin və digər təzyiqlərin sayı və həcmi artmaqda davam edir, istənilən uğurlu alternativə qısqanc münasibət göstərilir, sosial-iqtisadi böhran var və s. Biz özümüz burada dünyanın hər yerindən gəlmiş tələbələr arasında Azərbaycanın mədəniyyətini, tarixini, mətbəxini təbliğ edirik, amma hamımıza aydındır ki, siyasi sistem açılıma getməsə, azadlıqlar təmin edilməsə problemləri kökündən həll etmək mümkün olmayacaq və ölkəmizin imici utancverici səviyyədə qalacaq.

- Ölkədə baş verən hadisələrin fonunda vətəndaş cəmiyyətinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Fakt ondan ibarətdir ki, vətəndaş cəmiyyətini məhv olmadı, baxmayaraq ki, uzun illər ərzində ona qarşı hakimiyyət tərəfindən təzyiqlər edildi və məhdudiyyətlər tətbiq olundu, xüsusən 2014-cü ildə vətəndaş cəmiyyətinə kütləvi hücumlar hüquq müdafiəçilərinin həbsi və ya həbs təhlükəsini önləmək üçün ölkəni tərk etməsi, bir sıra təşkilatların, o cümlədən donorların fəaliyyətinin dayandırılması və QHT qanunvericiliyinə çoxsaylı reqressiv dəyişikliklərin edilməsi ilə nəticələndi. Sonuncu addım hazırda Azərbaycanda müstəqil və prinsipial mövqe nümayiş etdirmək istəyən QHT-lərin fəaliyyətinə imkan vermir. Bununla belə, hüquq müdafiəçiləri, gənc fəallar, jurnalistlər və blogerlər, o cümlədən ictimai-siyasi fəallar mövcud şərtlər daxilində fəaliyyətlərini tam dayandırmadılar, əsasən entuziazm və mənəvi borc üzərində qurulmuş fəaliyyətlər davam edir, məsələn, siyasi məhbusların vahid siyahısı üzrə İşçi Qrupu var, həbs edilən və saxlanılan şəxslərə mənəvi dəstək olan hüquq müdafiəçiləri var, ictimai və siyasi fəallıq göstərən siyasi qruplar mövcuddur. Maraqlı nümunələrdən biri kimi 28 may - Cümhuriyyətin 100 illiyi ilə bağlı bir qrup vətəndaş cəmiyyəti nümayəndələri və Respublikaçı Alternativ Partiyasının birgə təşkil etdiyi tədbir və bu tədbirdən sonra təzyiqlərə qarşı nümayiş etdirilən həmrəylik göstərilə bilər. Başqa sözlə desək, yorucu və dağıdıcı təzyiqlərə baxmayaraq, vətəndaş cəmiyyəti ayaqda qalmağı bacardı və demək olar ki, hazırda öz funksiyasına uyğun olaraq mümkün olan hər şeyi edir.

- Əfv sərəncamı olsa da gözlənilənlərin əksinə olaraq siyasi məhbusların bir çoxu azadlığa buraxılmadı. Əksinə son vaxtlar ard-arda siyasi həbslər baş verir. Sizcə, bütün bunların baş verməsinin səbəbi nədir? Bu, geopolitoloji hadisələrlə əlaqədardır, yoxsa daxili siyasətlə bağlıdır?

- Siyasi məhbusların azadlığa buraxılmaması hakimiyyətin siyasi iradəsinin olmamasından və olduqca qeyri-müəyyən vəziyyətdə olmasından irəli gəlir. Şəxsən mənim əfv sərəncamından böyük gözləntim yox idi, xüsusən də İlqar Məmmədovun əfvlə buraxılmayaçağına əmin idim. Hakimiyyət xüsusən Ermənistanda baş verən etirazlar fonunda daha çox qeyri-müəyyənliyə daxil oldu və repressiv, qapalı rejimin olmasında maraqlı olan hakimiyyət üçün istənilən qeyri-müəyyənlik təhlükə riskidir. Ona görə də siyasi məhbusları buraxmır, yeni siyasi motivli cinayət işləri quraşdırılır, istənilən fəallığa qıcıq yaranır və s.

- İlqar Məmmədovun azadlığa çıxması üçün verilən vaxt bitdi. Amma yenə də azadlığa buraxılmadı. Sizcə, bundan sonra nə baş verəcək?

- Sualda verilən vaxt bitdi kimi məsələ artıq yoxdur, vaxt 2014-cü ildə bitib, çünki Məmmədovun barəsində Avropa məhkəməsinin birinci qərarı 2014-cü ilin sentyabrına qədər icra edilməli idi, belə ki, qərar iyun ayında qəti hüquqi qüvvəyə minmişdi və Avropa məhkəməsinin qərarı qaydalara əsasən 3 ay ərzində icra edilməlidir. Hamının danışdığı iyunun 5-i tarixi isə İlqar Məmmədovun barəsində Avropa məhkəməsinin ikinci qərarı ilə bağlı idi, yəni, burada da 3 aylıq icra müddəti qeyd edilən tarixdə başa çatdı. Məmmədovla bağlı birinci qərarın icrasına nail olmaq üçün Avropa Şurası Nazirlər Komitəsi tarixində heç vaxt tətbiq etmədiyi xüsusi prosedur qaydasını işə salıb. Buna əsasən Avropa məhkəməsinə sorğu göndərilib ki, o, Məmmədovla bağlı qərarın icra edilməməsinin Azərbaycan hakimiyyətinin üzərinə götürdüyü öhdəliklərinin pozulub-pozulmaması olduğunu müəyyən etsin. Əgər məhkəmə pozuntunu müəyyən edərsə sanksiyalara yol açılır. İkinci qərarla bağlı isə Ali Məhkəmənin plenumu keçirilməli və İlqarın barəsində hökm və bu hökmü qüvvədə saxlayan qərarlar ləğv edilməli və İlqar azadlığa buraxılmalıdır, belə ki, birinci qərarla da onun barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuzluğu müəyyən edilib.

- Avropa Şurası Parlament Assambleyası Azərbaycan üçün siyasi məhbuslar üzrə məruzəçi təyin etdi. Bunun Azərbaycana hansısa təsiri olacaqmı?

-Syasi məhbuslar üzrə məruzəçinin təyin edilməli olduğu barədə qərar qəbul olunub, məruzəçinin özü AŞPA-nın növbəti sessiyası (25-29 iyun) zamanı müəyyən olunacaq. Bu, faktiki onu göstərir ki, AŞPA Azərbaycanda siyasi məhbus probleminin olduğuna doğru siyasi təşkilat olaraq bir siqnal verir, məruzəçi hesabat hazırlamalıdır və bu hesabat sırf siyasi məhbus problemi ilə bağlı olacaq.

- Ümumiyyətlə, ölkədəki bu vəziyyətin düzəlməsinə, yaxşılaşmasına nə təsir edə bilər?

- Ölkədə vəziyyətin düzəlməsi hər bir halda Azərbaycan insanının əlindədir, çox vacibdir ki, fəal şəkildə ictimai və siyasi fəaliyyətə qoşulan vətəndaşların sayı artsın, insanlar öz hüquqlarını bilsin və onların təmin olunmasını tələb etsin, insanlar seçkilərə, o cümlədən əhəmiyyətsiz seçki təqdim edilən bələdiyyə seçkilərində fəal iştirak etsin. Beynəlxalq ictimaiyyət isə insan hüquqları sahəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsini davamlı şəkildə və səmimiyyətlərini qorumaqla tələb etməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun