Türkiyəli tələbə: "Çox qorxuruq"

Türkiyəli tələbə: "Çox qorxuruq"
14 May 2018
Mətni dəyiş

Türkiyə hökuməti minlərlə akademiki işdən çıxarıb, yüzlərlə elm adamını təqib edir, akademiklərin işinə, tələbə etirazlarına müdaxilə edir.

Bütün bunlar ölkədə özünüsenzuraya və akademik azadlığın aşınmasına aparır. Bunu “Human Rights Watch” insan haqları təşkilatı mayın 14-də bildirir.

“Türkiyə hökuməti akademikləri hədəfə alır, universitetlərə ziyan vurur. Akademiklər və tələbələr işdən çıxarılma, yaxud həbs riskiylə üzləşmədən, ziddiyyətli və tənqidi ideyaları azad şəkildə ifadə etməli, öyrətməli və araşdırmalıdırlar”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyib.

Təşkilat bildirir ki, hökumət terrorçuluq iddiaları, yaxud 2016-cı ilin uğursuz iyul çevrilişinə bağlı ittihamlarla akademikləri kütləvi şəkildə işdən çıxarıb. Akademiklər qondarma terrorçuluq ittihamları ilə mühakimə olunur, yaxud onlarla bağlı təhqiqat aparılır. Hakimiyyət kampuslarda tələbə etirazlarına müdaxilə edir, tələbə fəalları təqib edir. Rəsmilər ziddiyyətli mövzularda akademik tədqiqatlara da basqı göstərir.

“ÇOX QORXURUQ”

Human Rights Watch-un bildirməsinə görə, bütün bunlar qorxu mühiti, özünüsenzura yaradır, Türkiyənin akademik azadlıq, ifadə azadlığı kimi hüquqi öhdəliklərini pozmuş olur.

Qurum Türkiyədən 15 akademikdən müsahibə alıb. Onlardan yeddisi 2016-cı ilin 15 iyul çevriliş cəhdindən sonra tətbiq olunmuş fövqəladə vəziyyət çərçivəsində işdən çıxarılıb. Biri ölkəni tərk edib, hazırda xaricdə bir universitetdə işləyir. On üçünə qarşı cinayət təhqiqatı gedir, yaxud məhkəmələrini gözləyir. Birinə qarşı artıq hökm çıxarılıb və apelyasiya şikayəti verib.

Human Rights Watch müxtəlif universitetlərdən dörd tələbədən də müsahibə alıb. Qurum dindirilmə protokollarını, məhkəmə qərarlarını, hökmləri, mediada gedən məlumatları da nəzərdən keçirib.

“Çox qorxuruq. Fikirlərimiz, baxışlarımız, cismimiz bütün tərəflərin zorakılığının hədəfindədir. İndi bir şeyi deməzdən, yaxud yazmazdan öncə iki dəfə deyil, üç-dörd dəfə düşünürük”, – bir tələbə belə deyib.

2016-cı ilin çevriliş cəhdindən bəri 5 min 800-dən çox akademikin dövlət universitetlərindən çıxarıldığı bildirilir. Onlardan azı 378-i 2016-cı ildə Akademiklər Sülh Uğrunda petisiyasını imzalamış, hökumətin ölkənin cənubşərqində kürdlərə qarşı təhlükəsizlik əməliyyatını pisləmişdi.

“Universitetlərin əsas rollarından biri vacib məsələlər üzrə forum keçirmək, ziddiyyətli məsələlərlə bağlı təqaüd ayırmaqdır. Türkiyənin akademik azadlığa hücumu təkcə universitetlərə deyil, bütünlükdə cəmiyyətə mənfi təsir göstərir”, –Williamson deyib.

Rəsmi Ankara tənqidləri qəbul etmir, terrorçuluqla mübarizə apardığını bildirir. 2016-cı il çevriliş cəhdinin arxasında isə ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-in durduğunu iddia edir, Gulen-sə ittihamları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun