Yerevanda etiraz aksiyaları səngimir

Yerevanda etiraz aksiyaları səngimir
18 Aprel 2018
Mətni dəyiş

Çərşənbə günü səhərdən bir neçə min müxalifətçi nümayişçi Yerevanın mərkəzi küçələrini bağlayıb.

TASS bildirib ki, etirazçılar Nazirlər Kabinetinə gedən bütün yolları bağlayırlar və maneələr qururlar.

"Etirazlar davam edəcək. Biz ölkədə hakimiyyət dəyişikliyinə nail olacağıq. Dünən təxribatçılar Maştosa prospektində qırğın törətdilər. Mən rəsmən bəyan edirəm ki, həmin adamlar bizim tərəfdarlarımız deyil", - müxalifətyönlü Vətəndaş Müqaviləsi Partiyasının lideri, parlamentin deputatı Nikol Paşinyan jurnalistlərə bildirib.

Çərşənbə axşamı tibbi maska taxmış bir qrup gənc Yerevanın mərkəzində Maştosa prospektində qırğın törədib. Onlar polislərlə dava ediblər, mağazaların vitrinlərini, işıqforları, yol hərəkəti nişanlarını sındırıblar. Polis təhqiqat aparır.

Ermənistan müxalifəti Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz olaraq aprelin 13-dən kütləvi aksiyalar keçirir.

Aprelin 17-də - Sarkisyanın baş nazir təsdiq olunduğu gün, müxalifət lideri N.Paşinyan bildirib ki, "məxməri inqilab"a başlayır.

O, əhalini aprelin 18-də saat 17:00-da Yerevandakı Respublika meydanında mitinqə toplaşmağa çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun