"Şahın mumiyası" barədə şayiələr İranı silkələdi

"Şahın mumiyası" barədə şayiələr İranı silkələdi
25 Aprel 2018
Mətni dəyiş

Son günlər Tehranda yayılan şayiələrə görə şəhərin cənubundakı keçmiş məqbərənin yaxınlığında tapılmış qalıqlar Pəhləvi sülaləsinin banisi Reza şaha aiddir.

Keçmiş şahin atası olan Reza İran modernizminin və dünyəviçiliyin əsasını qoymuş şəxs kimi tanınır.

AzadlıqRadiosu yazır ki, bu şayiələr hətta Reza şahın nəvəsi, hazırda Birləşmiş Ştatlarda mühacir həyatı yaşayanvəliəhd Reza Pəhləvini də narahat edib və o yazdığı tvitdə İranın hakimiyyət orqanlarına faktı ört-basdır etməmək xəbərdarlığı verib.

Mumiyalanmış cəsəd Reza şahın keçmiş məqbərəsinin yaxınlığında aşkar edilib. Bu məqbərə, ölkə tarixinin keçmişlə bütün bağlarını qırmaq istəyən ruhani rejimin göstərişi ilə dağdılıb.

Tehran bələdiyyəsi mədəniyyət və turizm komitəsi də IRNA agentliyinə metal torlu parçaya bükülmüş cəsədin Reza şaha məxsus olmasının mümkünlüyünü təsdiq edib.

Komitə rəhbərinin dediyini görə bəzi ekspertlər inanırlar ki, keçmiş şahın cənazəsi o vaxt mumiyalandıqdan sonra Tehrana gətirilərək Əbdül Əzim Hasani ziyarətgahında dəfn olunub.

Amma bələdiyyənin ictimai əlaqələr şöbəsi bu xəbərlərin şayiədən başqa bir şey olmadığını bildirib.

Bələdiyyə rəsmiləri deyirlər ki, cəsədin kimliyinin araşdırlması ekspertlərin işidir.

Bir idarədən iki ziddiyyətli şərhin verilməsi şayiə və dedi-qoduları daha da qızışdırıb.

Bəziləri sosial mediada Reza şahın son fotosu ilə mumiyalanmış cəsədin fotosunu yanaşı yerləşdiriblər.

Abbas Xansari adlı Tvitter istifadəçisi yazır ki, Reza şahın mumiyası tarixi irsdir və bütün İran xalqına məxsusdur.

Bir başqaları isə yazırlar ki, ayətüllah hakimiyyəti Reza şahın “ölüsündən də qorxur”.

İkinci Dünya Müharibəsi zamanı Müttəfiqlərin təzyiqi altında taxt-tacını tərk edən Reza şah 1944-cü ildə Cənubi Afrika Respublikasına sürgün edilib. Onun qalıqları 1950-ci ildə İrana gətirilərək Tehranın cənubundakı Reydə torpağa tapşırılıb.

Reza şahın nəhəng məqbərəsi 1980-ci ildə Sadeq Xalxalinin başçılıq etdiyi izdiham tərəfindən dağıdılıb. İran İslam İnqilabının banisi Xomeyni Xalxalini inqilabi məhkəmələrinin rəhbəri vəzifəsinə təyin etmişdi.

Bir ləqəbi də “adamasan hakim” olan Xalxali yüzlərlə insanın edamına hökm verib. O xatirələrində yazır ki, məqbərənin möhkəm konstruksiyasına görə onu sökməyə 20 gün vaxt sərf ediblər.

Xalxali yazır ki, “biz bu məqbərəni dağıtmaq üçün dinamitlərdən istifadə edirdik”.

Amma Xalxali bunu da yazır ki, onlar o vaxt Reza şahın qalıqlarını tapa bilməyiblər, çünki oğlu Məhəmməd Reza şah Pəhləvi Tehrandan Qahirəyə qaçarkən atasının “sümüklərini” də özü ilə aparıb.

Bu iddiaları sonralar şahın xanımı Fərəh Diba AzadlıqRadiosuna müsahibəsində rədd edib. O deyib ki, şahın cənazəsi İranı heç vaxt tərk etməyib və deyilənlər “rejimin və onun əlaltılarının uydurmasıdır”.

1979-cu il inqilabından sonra doğulmuş gənclər də daxil bir çox iranlılar şah zəmanəsinin xiffətini çəkirlər.

Ötən ilin dekabrında İranı bürümüş antihökumət etirazları zamanı bəziləri şahpərəst şüarlar səsləndirirdilər: “Reza şah, ruhun şad olsun!”, “Reza şah, bizi bağışla!”, “Biz bu inqilabla nə böyük səhv elədik!” və sair.

Bir Tvitter istifadəçisi bu şüarları yada salaraq yazır ki, o xürafatçı deyil, amma bəlkə də Reza şahın ruhu bu çağırışlara hay verərək gəlib.

“Gəlib ki, İran xalqının taleyinə baxsın”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun