Orduxanı rinqə çağıran deputat: "Öz qohumlarına ürəyi ağrımırsa, kimə ağrıyacaq?" [müsahibə]

Orduxanı rinqə çağıran deputat: "Öz qohumlarına ürəyi ağrımırsa, kimə ağrıyacaq?" [müsahibə]
10 Aprel 2018
Mətni dəyiş

"Bəlkə o polisin rəisi düşünür ki, gəl bunun anasına, bacısına deyək, Orduxana tapşırsınlar, o da özünü yaxşı aparsın, bağışlayın məni, Azərbaycanı yerə sürtməsin. Axı, bu onun anasıdır-bacısıdır... Mən balaca olanda atama-anama deyirdilər ki, Ağacan özünü elə apardı, belə apardı. İndi də Orduxanın yaxınlarına polis deyir ki, sakit otursun".

Bunu, Hollandiyada yaşayan azərbaycanlı mühacir Orduxan Teymurxanı rinqə çağıran Yeni Azərbaycan Partiyasının üzvü, deputat, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev Azadlıq Radiosuna müsahibəsində deyib.

- Ağacan müəllim, Hollandiyada yaşayan Orduxan Teymurxanı rinqə çağırmağınıza səbəb nədir?

- Yox, mən onu breyn-rinqə dəvət etmişəm. Demişəm ki, orda söhbətimiz alınmasa, böyük rinqdə görüşək.

- Onunla nəyi müzakirə etmək istəyirsiniz?

- Mən istəmirəm ki, bizim ölkəmizi bu şəkildə murdarlasınlar. Xandı, bəydi, bilmirəm, bizim ölkəmizi bu cür aşağılamağa heç bir haqqı yoxdur. Onlar təkcə prezidenti deyil, ölkəni, xalqı da alçaldırlar. Bilirsiniz, nə vaxt gedib burdan? O, azərbaycanlı olduğunu artıq unudub. Hörük bağlayırsa, elə bilir avropalı olub. Bu cür şeylər danışmaqdan qabaq sən bilməlisən ki, azərbaycanlısan. Bu sənin qanındır. Sən bu xalqı niyə alçaldırsan? Özü də bizim belə düşmənimiz var böyrümüzdə. Sən düşməni sevindirmək istəyirsən. Düşməni sevindirmək istəmirsənsə, evin söhbəti elə evin içində qalmalıdır. Heç bir halda xalqı alçaltmaq olmaz. Dövlətin başçısını alçaltmaqla sən bütün xalqı alçaldırsan. Savadsız adamlar başa düşmürlər bunu. Ona görə də onu breyn-rinqə çağırdım. Mən professoram, ali məktəb qurtarmışam, aspiranturanı Moskvada bitirmişəm, orda müdafiə etmişəm, Almaniyada işləmişəm, Avropa Boks Federasiyasının vitse-prezidentiyəm... Azərbaycanlı boksçu Ağası Məmmədov Tailandda dünya çempionu olanda gözümdən yaş axdı. Bütün dünya ona baxırdı, balaca, 57 kiloqramlıq azərbaycanlı balasına. Onun şərəfinə Azərbaycan himni çalındı, bayrağımız qaldırıldı. Azərbaycanı belə sevmək lazımdır. Azərbaycan əleyhinə danışmaq üçün bunlara pul verirlər nədir? Bu adamları başa düşmürəm. Onların öz planları var.

- Nə plandır elə?

- Azərbaycan əleyhinə, bu ölkənin əleyhinə planları var. Mən çox ölkədə olmuşam. Bütün Avropa, başqa ölkələr də bizi aparıcı, inkişaf edən ölkə kimi tanıyırlar, həm iqtisadi baxımdan, həm də başqa baxımdan... Deyirlər ki, demokratiya yoxdur, gəlsin görsün bizdə nə qədər demokratiya var, lazım olduğundan da artıq. Onun yaşadığı ölkədə hesab edirlər ki, çıxıb küçədə nəsə demək, kiminsə bayrağını yandırmaq demokratiyadır? Bu vandalizmdir. Biz XXI əsrdə yaşayırıq. İnsanlar, dəli olmusunuz? Azərbaycanlı olmaq lazımdır. Özü də daha çox azərbaycanlı olmaq lazımdır, əsl azərbaycanlı olmaq lazımdır. Azərbaycan uğrunda ölmək lazımdır. Mən özüm buna hazıram.

- Siz sosial şəbəkələrdə onun çıxışlarına, statuslarına baxmısınız?

- Yox, baxmamışam.

- Bəs onun Azərbaycan xalqı əleyhinə çıxdığını, onu təhqir etdiyini, bayraq yandırdığını haradan bilirsiniz?

- Baxanlar danışıb da mənə.

- Siz demokratiyadan danışırsınız. Onun da kimisə tənqid etmək, doğru da, yanlış da olsa, öz fikrini söyləmək haqqı yoxdurmu?

- Mən razılaşa bilmirəm onun tənqidləri ilə. Azərbaycanda olmaya-olmaya haradan çıxardır bu şeyləri? Ancaq mən burda yaşayıram.

- Ağacan müəllim, tənqidi fikirlərə bəlkə daha dözümlü yanaşılsa, məsələ bu qədər böyüməzdi?

- XX əsrdə dünya xalqları ona nail oldular ki, demokratiya hər yerdə var, hər yerdə. Mən onunla niyə razılaşmalıyam? Hər kəs həyatında, dərisində demokratiyanı hiss edir. Demokratiya var. Hətta sovetlərin vaxtında da vardı. O dövlətin üstümdə haqqı var. Mən İrandan gəlmiş, savadsız fəhlə ailəsində doğulmuşam, 9 uşaq olmuşuq. Hamımız da ali təhsil almışıq. Bizim dördümüz elmlər namizədi, elmlər doktoru, professoruq, müdafiə etmişik. Necə oldu biz oxuduq? Dövlət də vardı, dövlətçilik də. İndi də var. Uşaqlarımız gedib xaricdə oxuyurlar yenə.

- İqtisadi böhran başlayanda dövlət xaricdə təhsil proqramını dayandırdı.

- Bir-iki il olmaya bilər. Amma həmişə olub. İndi də xaricdə oxuyanlar var. Demək istəyirəm ki, dövləti tənqid etməzdən öncə buna haqqın olmalıdır. Bundan ötrü bu ölkədə yaşamaq lazımdır. Özü də ölkənin həm yaxşı, həm də pis dövründə. İkincisi, sən Azərbaycanın arzuladığın, istədiyin Azərbaycan olması üçün neyləmisən? Sən aradan çıxıb qaçmısan, bilmisən ki, orda hər şey ucuzdur və s... Bir sözlə, qaçmısan burdan. İndi qıraqda oturub bura nə... Misal var, qınından çıxdı qınını bəyənmədi. Belə yaşamaq olmaz. Ola bilsin, nəsə düz deyil, nəsə çatışmazlıq var. Ola bilməz ki, hamıda hər şey yaxşı olsun, heç Amerikada da belə şey yoxdur. Bundan ötrü ölkəni biabır etməlisən? Lider olmaqdan ötrü nümunə olmaq lazımdır. Bir şey olmamış qaçıb getmisən. Bu mənə nümunədir? Camaata ağıl öyrətmək üçün haqqın olmalıdır, qardaş. Ona görə də onu breyn-rinqə çağırdım. Olmasa da, başqa rinqə çıxaq. İdmandır, kişi kimi əl verək vuruşaq, əl tutub ayrılaq.

- Orduxan Teymurxanı burdan qaçmaqda suçlayırsınız. Bəlkə də insanların yaxşı, normal həyatları olsaydı, ölkələrindən getməzdilər.

- Açıq deyirəm, burdan Avropaya gedənlər «neudaçnik»lərdir. Burda milyonlarla azərbaycanlı yaşayır. Ermənilər ölkələrindən qaçırlar, pulları, işləri, həyatları yoxdur. Başqa ölkələrə baxanda bizdən xaricə gedən çox azdır. Qırağa gedib işləyir, yaxşı iş tapırsa, Allah xatirinə işləsin. Sərhədləri bağlamaq olmaz.

- Bəs Rusiyaya işləməyə gedənlər niyə çoxdur?

- Nə qədər gedib ki?

- İki milyon deyirlər.

- Sübut edin. Yox, beş milyon. Sən demə, Bakıda evlər boş qalıb... Rusiyada həmişə azərbaycanlılar olub. Azərbaycandan ora gedənlər yaxşı da iş tapırdılar. Mən özüm 18 il orda işləmişəm. Mən Azərbaycandan qaçmışdım?

- Amma indi gedənlərin böyük əksəriyyəti elm, təhsil dalınca getmirlər. Çoxu gedib qəpik-quruşa bazarda, tikintidə işləyir ki, kənddəki ailələrinə pul göndərə bilsinlər.

- Razı deyiləm. Mən bu rəqəmi dəqiqləşdirəcəm. Kiminsə bura xoşuna gəlmir, özünü tapa bilmir çıxıb gedir... Burda iş tapmır, gedib orda akademik işləyir, müdir işləyir? Deyin görüm nə işləyir.

- Çoxu sürücü, fəhlə işləyir, alver edir... Burda yaxşı iş olsa, ailələrindən, isti evlərindən uzaqda niyə fəhləlik etsinlər?

- İş tapırlarsa, afərin onlara. İki milyon deməyin də, xahiş edirəm. Yaxşı da... Mən özüm Azərbaycanda yaşayıram. Bu statistikanı yoxlayacam, sonra zəng vuracam sizə. Əlimi «Quran»a qoyub necə var, elə də deyəcəm. O ki qaldı Orduxana, onun müdafiəyə ehtiyacı yoxdur. Orduxanın danışığından görünür ki, yetərincə savadlıdır, yetərincə təcrübəlidir, uşaq deyil. Onun müdafiəçiyə ehtiyacı da yoxdur. Normal sözünü deyib. Obyektiv olmaq lazımdır. Azərbaycanlı olduğunu unutmaq olmaz. Bizə qıraqdan təzyiq olanda bir-birimizi müdafiə etməliyik, bir-birimizə söyməməliyik. Dünyaya güclü olduğumuzu göstərməliyik. Dövlətimiz balaca da olsa, fərqlənir. Markanı saxlamaq lazımdır, markanı. Milləti alçaltmamalıyıq.

- Orduxan fikirlərində haqlıdır-haqsızdır, kənara qoyaq, bu, bəlkə araşdırıla da bilər. Onun söylədiklərinə görə, bacılarının, qohumlarının polisə aparılması, təzyiq göstərilməsi obyektivdirmi?

- Əgər onun öz qohumlarına ürəyi ağrımırsa, kimə ürəyi ağrıyacaq? Öz doğmalarını qoruya bilmirsə, kimi qoruyacaq? Yalançıdır. Deyir ki, ikiyaşlı uşağı polisə aparıblar. Yalan danışmasın! Ola bilməz. Bizi dəli sayır? İkiyaşlı uşağı polisə aparmazlar. Niyə aparsınlar ki? Polis ikiyaşlı uşağı sorğu-sual edəcək? Atasını çağıra bilərlər, anasını çağıra bilərlər.

- Azərbaycanlılıqdan danışırsınız, bəs, azərbaycanlı qadınların – onun bacılarının polisə aparmaq haqda nə düşünürsüz? Onun yaxınları təzyiqlərə dözməyib Orduxandan imtina etdiklərini deyirlər.

- Bəlkə o polisin rəisi düşünür ki, gəl bunun anasına, bacısına deyək, Orduxana tapşırsınlar, o da özünü yaxşı aparsın, bağışlayın məni, Azərbaycanı yerə sürtməsin. Axı, bu onun anasıdır-bacısıdır... Mən balaca olanda atama-anama deyirdilər ki, Ağacan özünü elə apardı, belə apardı. İndi də Orduxanın yaxınlarına polis deyir ki, sakit otursun.

Xatırlatma

Bu ilin fevralında hazırda Hollandiyada yaşayan mühacir O.Teymurxanın iki bacısı oğluna polisə müqavimət ittihamı ilə 30 sutka verilib. O.Teymurxan da bunu Avropada Azərbaycan hökumətinin əleyhinə aksiyalar təşkil etməsi ilə izah edir.

Məsələyə hüquq-mühafizə orqanlarından münasibət almaq cəhdləri nəticə verməyib. Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları qohumluq əlaqələrinə görə vətəndaşlara basqı edilməsi ilə bağlı iddiaları ümumilikdə təkzib edir.

Rəsmilər ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər.

Siyasi Məhbusları Müdafiə Mərkəzi isə 30 oktyabr - 1 mart tarixlərini əhatə edən hesabatında bildirib ki, son 5 ayda xaricdə yaşayan 28 nəfərin ailə üzvlərinə qarşı müxtəlif təzyiq və təqiblər olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun