Müsavat seçkinin nəticələrini tanımır

Müsavat seçkinin nəticələrini tanımır
12 Aprel 2018
Mətni dəyiş

Müsavat Partiyası dünən, aprelin 11-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisi ilə bağlı rəyini açıqlayıb.

Rəydə bildirilir ki, seçicilərin sayı ilə bağlı Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi rəqəmlə reallıq arasında ciddi fərq var.

Müsavat Partiyası hesab edir ki, yalnız bir namizədin gizli hazırlaşmasına hesablanan qəfil növbədənkənar seçki elan olunması demokratik seçkiqabağı siyasi mühitin yaranmasının qarşısını alıb. Onların fikrincə, seçki faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 4-cü dəfə prezident olmasından ötrü rəqabətsiz şərait yaratmağa xidmət edib.

Rəydə habelə vurğulanır ki, seçkiqabağı mühit demokratik seçki keçirmək tələblərinə cavab verməyib, aparıcı müxalifət partiyalarının fəaliyyətinə imkan verilməyib, vətəndaşların toplaşmaq hüququ pozulub.

Üstəlik, Müsavat hesab edir ki, ölkədə müstəqil mətbuat sıradan çıxarılıb.

Müsavat Partiyası bildirir ki, azad və ədalətli olmayan seçkilər nəticəsində formalaşacaq icra hakimiyyətinin legitimliyini tanımır. Onlar bu prezidenti seçkisinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən yeni seçkinin keçirilməsini tələb edir.

Dünən, aprelin 11-də axşam saatlarında bir sıra müxalifət qüvvələrinin birləşdiyi Milli Şura da oxşar sənəd yayaraq, prezident seçkisinin nəticələrini tanımadıqlarını açıqlamışdı.

Həmin saatlarda hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə mətbuat konfransı keçirərək seçkinin azad və ədalətli şəkildə keçirildiyini bəyan etmişdi.

«Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçib. Xalqın bu seçimi tamamilə məntiqə uyğundur. Bununla da Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə daha 7 il ərzində sürətli inkişafa səs veriblər. Növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq», - Ə.Əhmədov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun