Nardaran məhbusları vəkilsiz qalıb

Nardaran məhbusları vəkilsiz qalıb
30 Mart 2018
Mətni dəyiş

Nardaran hadisələrindən sonra həbs olunub, terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa 10-dan artıq ağır maddələrlə suçlanan şəxslərdən ikisi – Mübariz İbrahimov və Cabir Əliyev vəkilsiz qalıb.

Bu, martın 29-da məhkəmədə bəlli olub.

Adları çəkilən dindarlar şərti olaraq, “Nardaran işi-3” adlandırılan 12 nəfərlik qrupun tərkibində ilahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılovla birlikdə mühakimə olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İbrahimova 13, C.Əliyevə isə 14 il həbs cəzası verilib.

Hazırda “Nardaran işi-3” üzrə çıxarılmış hökmdən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Məhkəmədə hakim adları çəkilən təqsirləndirilənlərin vəkili olmadığını bildirib və onlardan yaxınlarının hansısa müdafiəçi ilə müqavilə bağlayıb-bağlamayacağını soruşub. Mübariz ibrahimovun cavabı belə olub:

“O biri məhkəmədə bir il gəlib-getdilər, nə oldu? Onsuz da hər şey saxtalaşdırılıb. Biz Ağır Cinayətlər Məhkəməsində heç bir qanuni şey görmədik. Aydın məsələdir ki, siz də elə eləyəcəksiz. Əgər ehtiyac görürsünüzsə, dövlət hesabına, "poykovoy" vəkillərdən versinlər”.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərin hamısının vəkillərinin iştirakı olmadan məhkəmə davam edə bilməz. Bu üzdən "Nardaran işi-3" aprelin 6-na qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu iş üzrə təqsirləndirilən 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib.

Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyadov 12 il 3 ay, Əli Hüseynov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Faiq Allahverdiyev 13 il, Ramil Seyfullayev 13 il, Mübariz İbrahimov 13 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il azadlıqdan məhrum edilib.

Amma onlar özlərini təqsirli bilmir və ittihamların saxta olduğunu deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun