'Müsavatın 20-dək şöbə sədri polisə çağırılıb'

'Müsavatın 20-dək şöbə sədri polisə çağırılıb'
7 Mart 2018
Mətni dəyiş

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da polis bölməsində hədələndiyini bildirir.

G.Aslanlının AzadlıqRadiosuna deməsinə görə, o, dünən martın 6-da polisdə olub:

«Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində oldum. Belə demək mümkünsə, daha çox hədə-qorxu, təhdid idi. Mənə deyirdilər ki, partiyanın haradan maliyyələşdiyini bilirlər. Mən də deyirdim ki, bilirsinizsə, faktları qoyun ortaya. Belə bir dialoq yaşandı. Bölmədə qalmağım haradasa yarım saata qədər davam etdi».

G.Aslanlı deyib ki, martın 6-sı axşama qədər partiyanın 20-yə qədər rayon şöbəsinin sədrini polisə çağırıblar. Mərkəzi İcra Aparatı rəhbərinin bildirməsinə görə, onlar bölmələrdə hədələnərək sərbəst buraxılıblar.

G.Aslanlı deyib ki, bu gün, martın 7-də Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbasov da polisə çağrılıb.

Bütün bu deyilənlərə hələlik Daxili İşlər Nazirliyindən hər hansı münasibət almaq mümkün olmayıb.

Dünən Müsavat Partiyası mətbuat xidmətinin və Bastainfo saytının rəhbəri Mustafa Hacıbəyli də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılaraq hədələndiyini açıqlamışdı. M.Hacıbəylinin bildirməsinə görə, ona əvvəlcə mitinqlə bağlı sual veriblər, sonra isə başqa məsələlərdə günahlandırıblar:

«Ərazidə oğruluqlar olduğunu deyib, mənim bu barədə məlumatlı olub-olmadığımı soruşdular. Sonra yenidən rəis müavinin otağına apardılar. Orda məni oğurluqlara rəhbərlik eləməkdə ittiham etdilər, təhqirə və təhdidə başladılar. Vəkil tələb etdikdə, söyüş söydülər…».

M.Hacıbəylinin bu dediklərinə də hələlik nə polis bölməsindən, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub.

Milli Şura və Müsavat Partiyası birgə aksiya keçirmək qərarına gəliblər. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müracıət edilib və aksiyada «Talana yox», «Monarxiyaya son» və sair şüarların səsləndiriləcəyi açıqlanıb.

Milli Şuranın bundan öncəki aksiyaları ərəfəsində də onlarla müxalif fəalların polisə çağırıldığı bildirilirdi. Hətta bəzi fəallara polisə müqavimət ittihamı ilə sutkalıq inzibati həbslər də verilmişdi.

Müxalifət baş verənləri hakimiyyətin aksiyaların kütləvi olacağından çəkinməsi kimi izah edirdi. Hakimiyyəti müdafiə edənlər isə deyirdilər ki, müxalifət belə fikirləri səsləndirməklə aksiyalara az adamların qatılmasına don geydirməyə çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun