Azərbaycanda seçki təşviqatı başlayır

Azərbaycanda seçki təşviqatı başlayır
18 Mart 2018
Mətni dəyiş

Sabah, martın 19-dan növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat başlayacaq.

Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlərin təşviqatı səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Beləliklə aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə bağlı təşviqat martın 19-u başlayacaq, aprelin 10-u saat 08.00-da dayandırılacaq.

Artıq, təşviqat məqsədi ilə ayrılan qapalı və açıq yerlərin siyahısı açıqlanıb. Üstəlik, ödənişli və ödənişsiz təşviqat aparacaq kütləvi informasiya vasitələri də bəllidir.

Ödənişsiz efiri yalnız İctimai Televiziya təklif edir.

Ödənişli efiri isə həm bu , həm də başqa televiziyalar verməlidir. Lakin qiymətlər əksər namizədlərin ürəyincə deyil.

Elə televiziya var ki, axşam saatlarında bir dəqiqəlik efir 6 min manata təklif edilir.

Bəzi namizədlər ödənişli efir vaxtından istifadə etməyəcəklərini açıqlayıblar.

Növbədənkənar prezident seçkilərində ümumilikdə 8 şəxsin namizədliyi qeydə alınıb.

Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu"dan Razi Nurullayevdir.

Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Ümumilikdə 15-ə yaxın şəxs namizədliyini irəli sürmüşdü.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun