AB Ermənistana 160 milyon avro ayıracaq

AB Ermənistana 160 milyon avro ayıracaq
22 Fevral 2018
Mətni dəyiş

Fevralın 21-də Ermənistanla Avropa Birliyi “AB-Ermənistan tərəfdaşlığının prioritetləri” adlı sənədi imzalayıb. AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, sazişə AB-nin xarici siyasət rəhbəri Federica Mogherini və Ermənistanın xarici işlər naziri Edward Nalbandian imza atıb.

AB-nin Ermənistandakı nümayəndəliyi bildirir ki, sənəd yaxın illər üçün birgə siyasətin, AB-Ermənistan hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinə uyğun prioritetlərini müəyyənləşdirir.

160 MİLYON AVRO

Bu tərəfdaşlıq prioritetləri 2020-ci ilədək Ermənistana maliyyə yardımı ayrılması baxımından vacibdir. Bu müddətdə AB Ermənistana 160 milyon avroyadək vəsait ayırmağı planlaşdırır. Həmin vəsaitin Ermənistanın iqtisadi inkişafından ötrü vacib sayılan təhsil və innovasiya sahələrinə də yatırılacağı gözlənir.

“Cəmi üç ay öncə Brüsseldə Şərq Tərəfdaşlığı sammitində imzaladığımız tərəfdaşlıq sazişinə uyğun olaraq, həm AB, həm də Ermənistanda insanların həyatına həqiqətən də təsir göstərən sahələrdə müsbət nəticələr əldə etməyi hədəfləyən birgə öhdəliyimizi möhkəmləndiririk”, – Mogherini söyləyib.

AB-nin genişlənmə və xoşniyyətli qonşuluq siyasəti üzrə komissarı Johannes Hahn da blokla Ermənistan arasında tərəfdaşlıq prioritetlərinin qəbulunu alqışlayıb. Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlərin qarşılıqlı maraqlar əsasında differensiallaşmasının birbaşa nəticəsidir.

Görüş zamanı bir sıra ikitərəfli məsələlər götür-qoy edilib. Ötən ilin noyabrında Brüsseldə imzalanmış Ermənistan-AB sazişinin reallaşdırılması da müzakirə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun