Əvəz Zeynallı Baş Prokurorluğa çağırılıb

Əvəz Zeynallı Baş Prokurorluğa çağırılıb
26 Yanvar 2018
Mətni dəyiş

“Xural” onlayn-nəşrinin redaktoru və “Qaynar qazan” verilişinin aparıcısı Əvəz Zeynallı Turan agentliyinin direktoru Mehman Əliyevin bu nəşrə müsahibə verməsilə əlaqədar yanvarın 26-da Baş Prokurorluğa çağırılıb.

Bu barədə Amerikanın Səsinə Əvəz Zeynallının özü bildirib.

"Xural" nəşri "Mehman Əliyev "Qaynar Qazan"da (I hissə): Mehriban Əliyevanın adından danışıqlar oldu” adlı müsahibəni yanvarın 25-də dərc edib. Turanın direktoru müsahibədə 2017-c ilin avqustunda həbsinin səbəblərindən danışıb.

Müsahibədə M.Əliyev etibarlı mənbələrə istinadən bildirib ki, bu ilin avqustunda vergidən yayınmaq ittihamı ilə həbs olunmasının təşəbbüsçüsü prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və baş prokuror Zakir Qaralov olub.

“Onlar prezidentə müraciət edərək mənim həbsimin vacibliyini bildiriblər və bunu 2018-ci ildə hakimiyyətə təhlükə törədə bilməyimlə izah ediblər”, M.Əliyev Amerikanın Səsinə vurğulayıb.

M.Əliyev bildirib ki, bu barədə ilk dəfə dekabrın 13-də Sevinc Osmanqızının onlayn verilişinə müsahibəsində bildirib.

“Həmin müsahibədə Əli Həsənovun adı çəkilib, Z.Qaralovun yox. Bir ay yarım əzrində Ə.Həsənov bu faktı təkzib etməyib”.

Turanın direktoru üçün həbs sanksiyası avqustun 24-də 38 min manat məbləğində vergidən yayınmaya dair ittiham əsasında verilib. İşi Vergilər Nazirliyi və Baş Prokurorluq aparıb. Ə.Həsənov və prokurorluq bəyanat veriblər ki, iş siyasi xarakter daşımır.

Sentyabrın 11-də məhkəmənin qərarı ilə M.Əliyev azadlığa buraxılıb. Vergilər Nazirliyi sentyabrın 30-da cinayət işinə xitam verib.

“Oktyabrın 2-də baş prokurorun birinci müavini Rüstəm Usubov cinayət işinin bağlanması barədə Vergilər Nazirliyinin qərarının Baş Prokurorluq tərəfindən təsdiqlənməsinə dair sənədi öz kabinetində şəxsən mənə təqdim edib”, Mehman Əliyev bildirib.

Onun sözlərinə görə, 38 min manat məbləğində vergidən yayınma ittihamı ləğv edilib və qanunsuz olması məhkəmə qaydasında təsdiqlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun