CNN və Azərbaycan mediası nəyin üstündən sükutla keçir? - Rövşən Əliyev

CNN və Azərbaycan mediası nəyin üstündən sükutla keçir? - Rövşən Əliyev
22 İyul 2017
Mətni dəyiş
Rövşən Əliyev

Amerika mediası İlon Maskdan çox Araz Ağalarovdan danışır, Rihannadan çox – Emin Ağalarovdan. Ancaq Araz Ağalarov onlar üçün bir milyarder-sərmayəçi-ixtiraçı kimi maraqlı deyil. Emin isə bir müğənni kimi maraqlı deyil.

Söhbət siyasidir. Amerika tarixinin ən böyük qalmaqallarından biri yaşanır. Trampın prezident seçilərkən Rusiyanın yardımından faydalanıb-faydalanmaması istintaqın mövzusudur. Bu istintaqda qəfil gəlişmə ötən həftə oldu. Prezident Trampın böyük oğlu, kiçik Donlad etiraf elədi ki, ötən il Hillari Klintona qarşı kompramat gətirəcəyini bldirən rusiyalı vəkillə görüşüblər. Vəkil Nataliya Veselnitskayanın Rusiya hökumətinə yaxınlığına şübhə yoxdur. Kəşfiyyat ekspertlərinə görə, görüşdə Rusiya kəşfiyyatının dəst-xətti aydın görünür. Hətta NBC görüş iştirakçılarından birinin – Rinat Axmetşinin keçmiş sovet kəşfiyyatçı zabiti olduğunu bildirdi. Bu görüşdə Trampın kürəkəni Kuşner də iştirak eləyib. Kiçik Tramp qabağa düşüb e-mailləri yaymasaydı, “New York Times” qəzeti bombanı partladacaqdı, sızmış məlumat hazır idi. O, vaxtında xəbər tutub irəli çıxdı. Kuşner üçün isə gec idi. O, Ağ evə – qaynatasının müşaviri kimi gələndən qabaq keçməli məcburi prosedurda – təhlükəsizliyin təsdiqlənməsində Rusiya kontaktları haqda məlumat verməyib.

Görüşün təşkilatçılarından biri Rob Qoldstonun gənc Trampa görüşdən qabaq yazdığına görə, “bu, Rusiya və onun hökumətinin Trampa dəstəyinin bir hissəsidir”.

Görüşün baş tutması üçün Ağalarovlar vasitəçilik eləyiblər.

Çox geniş əhvalatdır. Azərbaycan mediası bu qalmaqalın az qala tam üstündən keçir, CNN isə bir detala toxunmaq istəmir.

CNN səhərdən axşamacan Ağalarovlarla Putinin yaxınlığından danışsa da, onların Azərbaycanla bağlılığının üstündən keçir. Güman ki, böyük reklam verənlərdən birini qaçırmaq istəmir – neçə ildir ki, CNN-də Azərbaycanın reklamları gedir. Bunu bəlkə də başa düşmək olar. Bəs dünyadakı ən böyük siyasi qalmaqalı Azərbaycan mediası niyə ümumiyyətlə işıqlandırmır?

Putinin ABŞ-dakı seçkidə namizədlərdən biri ilə yaxınlaşmaqda, ona kömək eləməkdə nə marağı ola bilərdi? Bu suala Bil Brauderin (William Browder) cavabı çox maraqlıdır. Onun CNN-ə dediyinə görə, Maqnitski aktı gec-tez Putinin xaricdəki pullarının dondurulması ilə nəticələnəcəkdi. Həmin pulları nə cürsə qorumaq lazım idi. Bu pullar nə qədər olsa yaxşıdır? Brauderin dediyinə görə, Putinin 300 milyard dollara yaxın pulu var və bunun çoxunu Qərb banklarında saxlayır. Putinin varidatı haqda bundan qabaqkı iddialarda ən çox 200 milyard rəqəmi səslənirdi. Putin iddiaları qəbul eləmir. İddiaçıların rəqəmləri isə fərqlidir. Rusiyalı siyasi təhlilçi Stanislav Belkovskinin “Di Welt” qəzetinə dediyiə görə, onun 40 milyard dollarlıq sərvəti var. ABŞ Xəzinədarlığının bəyanatına görə, Putin “Gunvor Group”da da paya sahibdir. Nə qədəri bildirilmir, “Gunvor”un xalis gəliri 2014-cü ildə 94 milyard dollar olmuşdu. Keçmiş baş nazir Boris Nemtsov isə Putinin sərvətinin 400 milyard funt sterlinqə bərabər olduğunu demişdi.

Brauder təsadüfi adam olsaydı, media deyilənlərin üstündən keçə bilərdi və buna irad tutmaq yersiz olardı. Ancaq Brauderin zəngin Rusiya təcrübəsi var. Babasının Amerika kommunistlərinin lideri olmasını demirəm. Onun başçılıq elədiyi “Hermitage Capital Management” bir neçə il qabaq Rusiyada ən böyük sərmayə portfelinə sahib xarici fond idi. 1996-cı ildə özəlləşmə zamanı 25 milyon dollarlıq sərmayə ilə Ruisyada işə başlayan Brauder fəaliyyətinin pik dövründə ildə 150-200 milyon dollaracan pul qazanır. “Qazprom”da, neft şirkətlərində, banklarda payı olur.

2006-ci ildən Rusiya hökuməti onun investisiya fonduna qarşı vergidən yayınma ittihamı ilə reydlərə başlayır. Brauder “milli maraqlara təhlükə” sayılır. Onun Rusiyaya yolu bağlanır. Fondun vəkili Sergey Maqnitski həbsə atılır. Bir ilə yaxın saxlanma kamerasında qalan Maqnitski məhkəməsini görə bilmir, 2009-cu ildə ölür. Bu, 2012-ci ildə ABŞ-da Maqnitski Aktının meydana çıxmasına səbəb olur. Həmin akt Maqnitskinin ölümündə birbaşa və dolayısı ilə əli olan dövlət adamlarına qarşı sanksiyaları nəzərdə tutur. Brauderin CNN-ə dediyinə görə, işlər bu aktın bir gün birbaşa Putinə qarşı yönəlməsinə aparırdı. Maqnitskinin ölümünə görə Birləşmiş Ştatların bir qisas tədbiri də rusiyalı uşaqların övladlığa götürülməsinin dayandırılması idi.

Kiçik Donald Tramp ağzından qaçırmışdı ki, vəkil Veselnitskaya ilə görüşdə rusiyalı uşaqların övladlığa götürülməsi müzakirə olunub. Bir sözlə, Maqnitski aktının birbaşa Putinə yönəlməsinin qarşısını almaq üçün onun Trampla sövdələşməyə getmək istəməsi barədə Brauderin versiyası ağlabatan görsənir.

Azərbaycanın xəbər mediasında bu cür maraqlı və əhəmiyyətli mövzunun işıqlandırılmaması qəribədir.

Xəbər mediasının işi dünyada baş verən əsas hadisələri auditoriyaya çatdırmaq, işin mahiyyətini və ağlabatan versiyaları ortaya qoymaqdır. Ötən həftə ölkənin ən geniş auditoriyalı saytlarının ana səhifələrinə göz gəzdirdim. Bu manşet medianın nəyi qoyub nədən danışmasını gözəl ifadə edirdi: “Bizi Allah yaratdı, yoxsa meymundan yarandıq? – Yeni müzakirə”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun