Vergilər Nazirliyi: "Yerli taksi firmaları 18 faiz ƏDV ödəmir"

Vergilər Nazirliyi: "Yerli taksi firmaları 18 faiz ƏDV ödəmir"
4 Dekabr 2017
Mətni dəyiş

Dekabrın 1-dən taksi xidmətlərinə tətbiq edilən 18 faizlik əlavə dəyər vergisi (ƏDV) ölkədə işləyən taksi firmalarına aid deyil.

Bu barədə Vergilər Nazirliyi məlumat yayıb.

Vergilər Nazirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya bildirilib ki, dekabrın 1-dən yalınız ölkədə daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə 18 faizlik ƏDV tətbiq edilməsinə başlanıb.

"Azərbaycanda qanuni əsaslarla taksi faəliyyəti ilə məşğul olanların göstərdiyi sərnişin daşıma xidmətləri ƏDV-yə cəlb olunmayan xidmətlərdir və bu xidmətlərin istehlakçısı olan vətəndaşlar taksi xidmətlərinin dəyərini ödəyərkən həmin məbləğə ƏDV daxil edilmir".

Vergilər Nazirliyi xatırladır ki, bu ilin yanvarından vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, Azərbaycanda daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə görə aparılan ödəmələrdən ƏDV tutulur.

Qurum bildirir ki, əslində, "Azərbaycanda dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərinişin daşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər" 2017-ci il yanvar 1-dən ƏDV-yə cəlb edilib.

"Sadəcə, indi banklar taksi fəaliyyəti göstərən qeyri-rezidentlərin xidmətləri üçün nağdsız ödənişlərdən ƏDV tutulmasını həyata keçirən sistem formalaşdırıblar", Vegilər Nazilriyinin mətbuat xidməti bildirib.

UBER-in MDB, o cümlədən Azərbaycan üzrə bölməsinin ictimaiyyətlə əlaqələr üzrə departamentindən BBC Azərbaycancaya bildiriblər ki, onlar məsələdən xəbərdardırlar və Azərbaycandakı müştərilər üçün "uyğun çözüm" tapmağa çalışırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun