Tovuzda 4 top mərmisi aşkarlanıb

Tovuzda 4 top mərmisi aşkarlanıb
17 Dekabr 2017
Mətni dəyiş

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində 4 top mərmisi aşkarlanıb.

Abzas.net xəbər verir ki, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

Agentlik bildirir ki, dekabrın 16-da Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində bir ədəd mərminin tapılması barədə Fövqəladə Hallar Nazirliyindən onlara məlumat daxil olub.

“Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər ərazidə bir həyətyanı sahəyə baxış keçirib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 100 mm-lik 4 top mərmisi (O-415) aşkarlanıb”.

Tərtər rayonunun Qapanlı kəndi ərazisində də bir həyətyanı sahəyə baxış keçirilib.

“Nəticədə bir ədəd F-1 əl qumbarası aşkar edilib. Top mərmilərinin və qumbaranın aşkarlandığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib. Əlavə təhlükəli əşya və qurğu tapılmayıb”.

Mərmilər və əl qumbarası götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

“Ümumilikdə yanvarın 1-dən dekabrın 16-dək ölkə ərazisində 7539 partlamamış hərbi sursat, 204 tank əleyhinə mina və 35 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 5 milyon 679 min 138 kvadratmetr ərazi yoxlanılıb”, – agentlik bildirir.

Axtarış aparılan ərazilərin çoxu Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində və yaxın bölgələrdə yerləşir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun