Trump mühacirlərin xüsusi şəkildə yoxlanılmasına göstəriş verib

Trump mühacirlərin xüsusi şəkildə yoxlanılmasına göstəriş verib
1 Noyabr 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump mühacirlərin “aşırı diqqətlə yoxlanması” göstərişi verib.

Buna səbəb oktyabrın 31-də Nyu Yorkda 8 nəfərin ölümünə səbəb olmuş “terror hücumu”na görə şübhəli kimi özbəkistanlının saxlanmasıdır.

2001-ci ilin 11 sentyabr terrorunan bəri Nyu Yorkda ilk dəfədir belə hücum baş verir. “Daxili Təhlükəsizlik idarəsinə onsuz da Aşırı olan Yoxlama Proqramımızı gücləndirmək göstərişi verdim. Siyasi korrekt olmaq yaxşı şeydir, ancaq indi deyil!” Trump bunu Twitter-də yazıb, daha öncə isə hücumu “çox xəstə və dəli şəxsin” törətdiyini bildirib.

İŞİD-in adını çəkib

Nyu York polisinin məlumatına görə, hadisə yerində atəş açıb saxladıqları şübhəli icarə götürdüyü kiçik yük maşınını velosiped cığırına sürərək piyadaları və velosiped sürənləri yerı yıxıb. Hadisə vaxtilə Ümumdünya Ticarət Mərkəzinin yerləşdiyi məkan yaxınlığındadır.

Çoxsaylı media orqanları polisdəki mənbələrə istinadla yazıblar ki, şübhəli 29 yaşlı özbək Sayfullo Habibullaevic Saipov-dur, Birləşmiş Ştatlara 2010-cu ildə gedib.

Şahidlər Saipov-un hücumdan sonra küçədə “Allahu Akbar” qışqırdığını söyləyirlər.

Rəsmilər Saipov-un yeganə şübhəli olduğunu bildirsə də, media yazır ki, təhqiqatçılar onun əlyazısını tapıb, orada hücumu İslam Dövləti (İŞİD) ekstremist qruplaşması adından törətdiyini iddia edir.

Nyu Yorkun meri Bill de Blasio hadisəni “qorxaqcasına törədilmiş terror aktı” adlandırıb.

Floridada yük maşını sürübmüş

Birləşmiş Ştatlarda yaşayan özbək mühacir Mirrakhmat Muminov Azad Avropa/Azadlıq Radiosu-na deyib ki, o, Saipov-u tanıyırmış, 2013-cü ildə Floridaya köçməzdən öncə Ohayo ştatında yaşayıb və orada uzun illər yük maşını sürüb.

Muminov deyib ki, Saipov-un arvadı və iki uşağı var, Daşkənddəndir. O, şübhəlini “aqressiv” kimi təsvir edib, Floridaya köçməmişdən güclü dindar olmadığını söyləyib. Muminov-un fikrincə, Saipov internetdən islam diniylə bağlı informasiya aldıqca radikallaşıb. Ancaq o, Saipov-un terror aktı törədə biləcəyini heç kəsin ağla gətirmədiyini də vurğulayıb.

Uber taksi şirkəti bəyanatında bildirib ki, Saipov hücumdan öncə sürücü kimi işləyib. Şirkət “bu hissiyyatsız zorakılıqdan sonra” Saipov-u Uber app-sindən çıxardığını vurğulayıb. ABŞ Daxili Təhlükəsizlik Departamenti insidenti “aşkar terror aktı” adlandırıb.

Rəsmilər ölən 8 nəfər arasında 5 argentinalı və bir belçikalının olduğunu bildirir. 12 nəfərdən çox yaralı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun