Eldar Mahmudov dindirilmək üçün Baş Prokurorluğa çağırılıb

Eldar Mahmudov dindirilmək üçün Baş Prokurorluğa çağırılıb
4 Noyabr 2017
Mətni dəyiş

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğa dindirməyə çağırılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəisi Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını yerinə yetirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxslərinin barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

E.Sultanov qeyd edib ki, E. Mahmudov da həmin cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinə çağırılıb.

2015-ci ilin oktyabrında Eldar Mahmudov öz vəzifəsindən çıxarılıb. MTN-in 21 zabitinin barəsində ağır və xüsusilə ağır cinayətlər törətmək, külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, qanunsuz dinləmələr və s. ittihamlarla cinayət işi açılıb.

Bununla belə, hələlik istintaq Eldar Mahmudovun özünə toxunmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun