Gürcüstanda həbs olunan Fərman Ceyranlının məhkəməsi davam edib

Gürcüstanda həbs olunan Fərman Ceyranlının məhkəməsi davam edib
5 Sentyabr 2017
Mətni dəyiş

Bu gün, sentyabrın 5-i Tbilisi Şəhər Məhkəməsində Azərbaycandan getmiş cərrah, "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlının işi üzrə məhkəmə prosesi davam edib.

Proses haqda cərrahın qızı Lalə Hüseynli məlumat verib. Onun bildirdiyinə görə, məhkəmədə F.Ceyranlını Gela Nikolaishvili və Natia Bezhashvili müdafiə edib.

L.Hüseynli deyib ki, prosesdə iş üzrə şahid qismində dəvət edilən şəxslərin ifadələri dinlənilib. Bundan əvvəlki prosesdə dövlət ittihamçısı şahidlərin istintaqa verdikləri ifadələrin mətnini təqdim etmişdi. Ancaq məhkəmə şahidlərin özlərinin ifadə verməli olduğunu bildirmişdi.

L.Hüseynlinin bildirməsinə görə, prosesdə Gürcüstan Səhiyyə Nazirliyinin hüquqşünasının və ixtisasca həkim olan nümayəndəsinin ifadələri dinlənilib. Onlar «Lancet» klinikasında yekunda ölümlə nəticələnmiş əməliyyatın keçirildiyi vaxtda baş verənlər haqda danışıblar. Əməliyyat zamanı klinika ilə təmasların olduğunu, sənədləşmə işlərinin aparıldığını bildiriblər.

L.Hüseynlinin həmçinin deməsinə görə, Səhiyyə Nazirliyinin təmsilçiləri söyləyiblər ki, əməliyyatla bağlı səlahiyyətli şəxs olaraq klinikanın baş həkimi Nino Kuzanova ilə təmasda olublar, həkim Mircəlal Kazımova əməliyyatı keçirməyə icazə verilib.

L.Hüseynlinin sözlərinə görə, onlar həmçinin, F.Ceyranlının əməliyyatı aparmış həkim M.Kazımovun lisenziyasının vaxtının bitməsindən xəbərsiz olduğunu bildiriblər.

F.Ceyranlının vəkilləri isə prosesdə bildiriblər ki, o, xəstənin müalicə həkimi olmayıb, əməliyyat etməyib, hadisəyə görə heç bir məsuliyyət daşımır və nazirliyin nümayəndələrinin ifadələri də bunu təsdiqləyir.

L.Hüseynlinin bildirdiyinə görə, sentyabrın 7-də iş üzrə digər şahidlər dindiriləcək. Həmin prosesdə F.Ceyranlının vəkilləri G.Nikolaishvili və N.Bezhashvili cərrahın girov əvəzində azadlığa buraxılması ilə bağlı vəsatətlə çıxış etməlidirlər.

XATIRLATMA

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burda təhsil alıb və işləyib.

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək "Lanset" klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, F.Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki "Lancet"də müayinə və müalicəsinə şərait yaratması göstərilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun