Hərbi Dəniz Qüvvələrinin sabiq komandanının işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanının işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb
23 Avqust 2017
Mətni dəyiş

Avqustun 23-də Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Hakim deyib ki, Bakı Hərbi Məhkəməsində işə baxan hakim Həbib Həsənov məhkəməyə müraciət edərək, işin yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Bildirib ki, hökmdən prokuror protest verib və protest gec verildiyindən hakim Həbib Həsənov işin geri qaytarılmasını xahiş edib. Həmin məsələyə münasibət bildirən Şahin Sultanov isə işin geri qaytarılmasına etiraz edib. Müşavirədən sonra hakimlər qərarı elan ediblər. Qərara görə, iş birinci instansiya məhkəməsi olan Bakı Hərbi Məhkəməsinə geri qaytarılıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Təqsirləndirilən Qalib Hacıyev 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəzaya məhkum edilib. Həbsdə olan Kazım Əsgərova da şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırov da şərti cəzaya məhkum edilərək, həbsdən azad ediliblər.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək, bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun