Bakı şəhər Narkoloji Dispanserinin sabiq baş həkiminin məhkəməsi başlayıb

Bakı şəhər Narkoloji Dispanserinin sabiq baş həkiminin məhkəməsi başlayıb
4 İyul 2017
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənov və xəstəxananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən H. Həsənov özünü təqsirli bilməyib. O, digər təqsirləndirilən M. Şamçıyevaya pul almağı tapşırmadığını deyib. M. Şamçıyeva isə özünu qismən təqsirli bilərək, xəstələrdən pul alması üçün bütün tapşırıqların baş həkim tərəfindən verildiyini deyib. Sonra prosesdə şahidlər ifadə verib və rüşvət məsələsindən xəbərdar olduqlarını deyiblər. Proses iyulun 13-də davam etdiriləcək. Qeyd edək ki, bu ilin fevral ayında Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Onların hər ikisinə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun