Apellyasiya Məhkəməsi Mövsüm Səmədovun şikayətini təmin etməyib

Apellyasiya Məhkəməsi Mövsüm Səmədovun şikayətini təmin etməyib
17 İyul 2017
Mətni dəyiş

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun apellyasiya şikayətinə baxılıb.

Abzas.net xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Bir müddət əvvəl Qaradağ rayon Məhkəməsində M. Səmədovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edib və M. Səmədovun 3 il müddətinə qapalı rejimli həbsxanaya köçürülməsi barədə qərar qəbul edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədov Qaradağ rayon Məhkəməsinə təqdimat verərək bildirib ki, İslam Partiyasının sədri Mövsüm Səmədov həbsxanada islah olunmaz məhkumdur, məhkumlar arasında radikal dini söhbətlər, təbliğat aparır.

Rəis təqdimatında Mövsüm Səmədovun 3 il müddətinə Qobustandakı qapalı rejimli həbsxanaya göndərilməsini istəyib.

Məhkəmədə Mövsüm Səmədovun vəkili Yalçın İmanov deyib ki, Qaradağ Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə ilahiyyatçının 12 saylı cəzaçəkmə müəssisəsində qaydaları pozduğunu əsas gətirərək, ona tətbiq olunan tənbeh qərarlarına istinad edib. Müdafiəçinin fikrincə, həmin tənbehlərin özü də qərəzli və əsassız olub:

«Mövsüm Səmədov 12 saylı cəzaçəkmə müəssisəsində olduğu 7 aya yaxın müddətin 4 aydan çoxunu cərimə təcridxanasında, kamera tipli otaqda keçirib. Onun haqqında heç bir əsas olmadan, aşkar bəhanələrlə inzibati tənbeh tədbirləri görülüb və hazırda başqa məhkumlardan təcrid vəziyyətdə saxlanılır. Mövsüm Səmədovun cəzalandırılması onun siyasi hakimiyyətə müxalif fəaliyyəti ilə bağlıdır».

Mövsüm Səmədov da 12 saylı cəzaçəkmə müəssisəsində saxlandığı müddətdə heç bir qayda pozuntusuna yol vermədiyini məhkəmədə dilə gətirib:

«Cəzalandırılmağım haqda qərarlar ardıcıl və sistemli xarakter daşıyır. Bu da həmin addımların hansısa qüvvələrin sifarişiylə və qərəzlə həyata keçirildiyini göstərir. Niyyət də məni yenidən həbsxanaya qaytarmaqla cəzalandırmaq idi».

Hakimlər qısa müşavirədən sonra həbsxanaya köçürülmə qərarının dəyişdirilmədən qüvvədə saxlandığını elan ediblər.

XATIRLATMA

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyəti ələ keçirmək və başqa ittihamlarla saxlanıb. O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illiyə Qobustandakı qapalı həbsxanaya köçürülüb. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb.

O, ötən il noyabrın 28-də 12 saylı həbsxanaya qaytarılıb və elə həmin gün 15 günlük cərimə kamerasına (karsa) salınıb. Ardınca müəssisə rəhbərliyi onun yenidən Qobustandakı qapalı həbsxanaya göndərilməsi barədə təqdimat verib. Qaradağ Rayon Məhkəməsi həmin təqdimatı təmin edib.

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindar hüquqlarının pozulmasına görə kəskin tənqidə tuturdu. O, ötən ilin avqustunda Konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun