Əziz Orucova ailəsi ilə görüş verilmir

Əziz Orucova ailəsi ilə görüş verilmir
5 İyul 2017
Mətni dəyiş
''Bizim statusumuzda olanlar yaxınları ilə görüşə bilir, bizə izin yoxdur'' Həbsdə olan “Kanal13” internet resursunun direktoru Əziz Orucova ailəsi ilə görüş izni verilmir. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Lamiyə Orucova məlumat verib. Bildirib ki, bununla bağlı müstəntiqə və aidiyyatı qurumlara dəfələrlə məktub yazıblar, ancaq nəticəsi olmayıb: “Bu gün müstəntiqə yeni bir məktub da göndərəcəyəm. Bilmirəm, əvvəlki məktublarım çatıb, ya yox. Ya çatıb qeydə almırlar, ya da əhəmiyyət vermirlər. Dedikləri də bir söz var: “istintaq müddəti ərzində görüşə icazə vermək olmaz”. Amma mən sovqat aparanda müşahidə edirəm. Bizim statusumuzda olan insanlar yaxınları ilə görüş ala bilirlər. Baxmayaraq ki, onlarda da istintaq gedir. Bizə isə heç bir əsası olmadan qadağa qoyulub”. Lamiyə Orucova deyir ki, 1 aydır həyat yoldaşını görə bilmir. Onun hansı durumda olduğunu bilmir: “Anası da bütün günü düşünür. Vəziyyəti ağırlaşıb. Fiziki cəhətdən onsuz da yaxşı deyildi, indi üstünə psixoloji basqı da gəlib. Özünü ələ ala, sakitləşə bilmir”. Meydan TV məsələyə münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb. Bildiriblər ki, Penitensiar Xidmət yalnız həbs olunmamış məhkumların müraciətləri ilə məşğul olmur. Kürdəxanı 1 saylı İstintaq Təcridxanası ilə əlaqə saxlamaq mümkün olmayıb. Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ə. Orucov ittihamları qəbul etmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun