Jurnalist Kamran Mahmudov 4 saatdan çox polisdə saxlanılıb

Jurnalist Kamran Mahmudov 4 saatdan çox polisdə saxlanılıb
22 İyun 2017
Mətni dəyiş

İyunun 22-də jurnalist Kamran Mahmudovun Gürcüstana gedərkən saxlandığı bildirilir. Bu barədə vəkil Cavid Rzazadə məlumat yayıb.

Abzas.net xəbər verir ki, jurnalist 4 saatdan çox Qazax Rayon şöbəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Vəkilin sözlərinə görə, Kamran Mahmudovu Qazax Rayon Polis Şöbəsinin rəisi qəbul edib:
"Rəis mənə dedi ki, Kamran Mahmudov axtarışda deyil, sadəcə, ölkədən çıxışına yasaq qoyulub. Ya o, bir azdan buraxılacaq, ya da onun çıxışına yasaq qoyan quruma təhvil veriləcək. Ancaq aradan bir müddət keçdikdən sonra rəis təkrar dedi ki, Kamran Mahmudov sərbəst buraxılacaq. Hazırda mən Qazax Rayon Polis Şöbəsinin qarşısında onu gözləyirəm".
"Kamran Mahmudov saxlanıb və Qazax Rayon Polis Şöbəsinə gətirilib. İndi araşdırma gedir".
Qazax Polis əməkdaşı AzadlıqRadiosuna deyib ki, K.Mahmudovun saxlanma səbəbi ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır:
"Amma biz deyə bilmərik ki, bu qadağanı konkret kim qoyub. Sadəcə olaraq, çıxış yasağı olduğu üçün saxlanılıb və yaxın saatlarda məsələ tam məlum olar".

Tarixçə

K.Mahmudov Azadlıq Radiosunun Bakı ofisi bağlananadək bu radioyla əməkdaşlıq edib. O, daha sonra "Kanal 13" internet televiziyasında çalışırdı. Ancaq onun axtarışda olma səbəbi, saxlanması barədə rəsmi orqanlardan açıqlama almaq, hələlik, mümkün olmayıb.
"Kanal 13" internet televiziyasının Bakı filialının rəhbəri və icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib.
İyunun 2-də isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi inzibati cəzasının başa çatdığı gün Ə.Orucova Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb.
Nəsimi Rayon Məhkəməsinin qərarına görə, Ə.Orucov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Orucov ittihamları qəbul etmir və həbsinin «Kanal 13» internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun