Çexiyada Qiyas və Bayramın azadlığı üçün kampaniya başladılıb

Çexiyada Qiyas və Bayramın azadlığı üçün kampaniya başladılıb
12 İyun 2017
Mətni dəyiş
Praqada keçirilən “Multikultural Kaleydoskop” adlı festivalda nidaçı gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun azad edilməsi tələbi ilə kampaniya başladılıb.
Xaricilərin inteqrasiyası, başqa mədəniyyətlərlə tanışlıq məqsədi ilə keçirilən bu festivalda, əsasən müxtəlif xalqların mətbəx və rəqslərinə aid təqdimatlar olur. Hər il insan haqları ilə bağlı bir məsələ də önə çəkilir.
Keçən il Yuqoslaviya müharibəsindən zərər çəkmiş 4 qadının taleyindən danışılmışdı.
Bu ilki tədbirdə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Bayram Məmmədovun və Qiyas İbrahimovun azadlığa buraxılması tələbi ilə petisiya imzalanıb.
Amnesty İnternational (Aİ) beynəlxalq hüquq müdafiəsi təşkilatının fəalları festival iştirakçılarına bu gənclərin niyə tutulduğunu izah ediblər.
Aİ fəalları iştirakçılara çexcə və slovakca Bayram və Qiyasın Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin heykəlinə qrafiti çəkəndən sonra evlərində narkotik tapıldığını və bu səbəbdən həbs edildiklərini deyiblər.
Onların sözlərinə görə, bu gənclər əslində öz fikirlərini ifadə elədikləri üstündə həbs olunublar və azad edilməlidirlər.
Praqa 4 bələdiyyəsinin və Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə 3 ildir ki, belə festival keçirilir.
Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul Bayramınız mübarək” şüarını yazdıqdan sonra saxlanılıblar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Qiyas İbrahimov oktyabrın 25-də, Bayram Məmmədov isə dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
Fəalların özü və üzvü olduqları Nida Vətəndaş Hərəkatı onların həbsini fəaliyyətlərinə görə olduğunu iddia edir.
Amnesty International beynəlxalq insan haqları təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun