Zərərçəkənlər dövlətin ayırdığı vəsaitin mənimsənilməsindən şikayətçidir

Zərərçəkənlər dövlətin ayırdığı vəsaitin mənimsənilməsindən şikayətçidir
12 May 2017
Mətni dəyiş
Binəqədidə bina yanğınından zərərçəkənlər hadisədən sonra dövlətin ayırdığı vəsaitin təyinatı üzrə istifadə olunmamasından şikayətlənirlər.
Şikayətçilər iddia edirlər ki, təmir, zərərçəkənlərə kompensasiya və s. məqsədlə ayrılmış 8 milyon manatdan artıq vəsait mənimsənilib. Bu haqda mayın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzov məlumat verib. Bina yanğınına görə cinayət məsuliyyətinə cəlb olunanların apellyasiya şikayətinə Murquzovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Hakim bildirib ki, məhkəməyə zərərçəkmişlərin məktubu daxil olub: "Bizə müraciət edərək, dövlətin ayırdığı 8 milyondan çox vəsaitin mənimsənildiyini və düzgün istifadə olunmadığını deyirlər. Bu məsələnin bizim baxdığımız cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Ona görə, biz bunu araşdıra bilmərik. Zərərçəkmişlər bu məsələ ilə əlaqədar istintaq orqanına müraciət edə bilərlər".
Hakim məlumat verib ki, təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə bir xeyli vəsatətlər təqdim ediblər. Məsələn, binanı üzləmiş "Global Construction" və həmin üzlükləri istehsal edən "Global Stone" şirkətlərinin təsisçisi, yanğına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmiş Miryusif Mahmudovun vəkilləri onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılmasını istəyirlər.
Digər təqsirləndirilən şəxslərin vəkilləri də bu qəbildən olan vəsatətlər qaldırıblar.
Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmə baxışı mayın 24-nə təyin olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun